Tarix: 10.12.2016,   Saat: 16:38, Şənbə.          

Fikrət Yusifov: Təhsildə islahatlar bizi qane edirmi?

Hələ vaxtilə Adam Smit yüksək təhsilli adamı bahalı avtomobillə müqaisə etməyi təklif etmişdi. Bunun əbəs bir müqaisə olmadığı müasir dövrümüzdə də hər kəsə tam aydındır. Ona görə də təhsilə yatırılan kapital ən səmərəli kapital hesab olunur. Dövlət təhsilin səmərəliliyini onun iqtisadiyyatın səmərəliliyinə təsiri ilə müəyyənləşdirir. Bu təhsilin səmərəliliyini müəyyən edən ən başlıca meyardır. Təhsilin yüksək səviyyədə təşkil edildiyi ölkələrdə bir qayda olaraq iqtisadiyyat da yüksək səviyyədə inkişaf edib. Məsələn, ABŞ, İngiltərə, Yaponiya, Almaniya və başqa ölkələrdə belədir. Son onilliklər ərzində təhsilin təşkilində ciddi dönüş edə bilmiş bir çox ölkələr də bu yolla iqtisadiyyatda çox böyük uğurlara imza ata biliblər. Buna ilk növbədə cənubi-şərqi Asiya ölkələrinin bəzilərini misal göstərmək olar.


Bu gün aparılan iqtisadi islahatların gələcəkdə daha yüksək nəticələr verməsinin  təminatçısının məhz keyfiyyətli təhsil ola biləcəyini nəzərə alan Azərbaycan hökuməti, təhsil sistemində fundamental islahatların aparılmasına rəvac verib. Son üç ildə təhsildə ciddi keyfiyyət dəyişikliyi yönündə inqilabi addımlar atılır desək, heç də yanılmarıq. Həm təhsil və həm də iqtisadiyyatla bağlı bir mütəxəssis kimi deyə bilərəm ki, biz təhsil sistemimizdə bu gün aparılan və əsasını keyfiyyət dəyişiklikləri təşkil edən islahatları postneft dövrünün sürətli iqtisadi islahatları ilə müqaisə edə bilərik. Faktlarla danışsaq daha yaxşı olar. Son on ildə ölkəmizdə mövcud olan 5000 məktəbdən 3000-i yenidən tikilib və ya tam əsaslı bərpa olunub. İqtisadi böhrana və onun yaratdığı maliyyə çətinliklərinə baxmayaraq, cari ilin 9 ayında bütün mənbələr hesabına ümumilikdə ölkə üzrə 29 məktəb tikilib, 485-i təmir edilib. Bu ildən etibarən 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənməyə başlanıb. 

Keyfiyyətli təhsilin başlanğıcı məktəbəhazırlıq müəssisələrində qoyulr. Bunu nəzərə alan Təhsil  Nazirliyi 2014-cü ildən pilot layihə kimi başlanan məktəbəhazırlıq qruplarının fəaliyyətini bu ildən ümummilli proqrama çevirib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə cari ildə ölkə üzrə 5 yaşına çatmış uşaqların 55 faizinin məktəbəhazırlığa cəlb edilməsi nəzərdə tutulur. 2020-ci ilədək bu rəqəmin 90 faizə çatdırılması planlaşdırılır ki, bu da dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə bərabərdir.

Təhsildə islahatların başqa islahatlardan başlıca fərqi bundan ibarətdir ki, burada keyfiyyət dəyişikliklərini hədəfləmiş islahatlardan dərhal maksimum nəticələr əldə etmək real deyil. Bu adi bir istehsal müəssisəsi deyil ki, onu bir ilə tikib başa çatdırasan və tikinti başa çatan kimi, müəssisəni tam gücü ilə işlədib maksimum səviyyədə keyfiyyətli məhsul istehsal edəsən. Təhsildə islahatların, xüsusilə də keyfiyyət dəyişiklikləri ilə müşayət olunan islahatların zamana ehtiyacı var. Bu gün təhsil sistemində aparılan islahatlar artıq öz nəticələrini verməyə başlayıb. Yenə də faktlara müraciət edək. 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 17%  artaraq, 2016-cı ildə 67 %-ə yüksəlmişdi. Bu nəticələr özünü cari ilin qəbul imtahanlarında aşkar şəkildə göstərə bilmişdi. Konkret olaraq, bu il 200-dən çox bal toplayan abituriyentlərin sayı 34 min 475 nəfər təşkil edib ki, bu da ötənilki göstəricidən 4 faiz, 2014-cü ildəki göstəricidən isə 9 faiz artıqdır. Son 3 ildə 500-dən çox bal toplayanların sayı 19 faiz, 600-dən çox bal toplayanların sayı isə 32 faiz artıb. Təsilimizdə islahatların sürətindən qane olmayanlara bu rəqəmlər nəsə deyirmi?

Yaranmış iqtisadi çətinliklərə baxmayaraq müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesi növbəti ildə 26 rayonu əhatə etməklə davam etdiriləcək və beləliklə, əməkhaqqı artırılan  müəllimlərin sayı 100 000 nəfərə çatdırılacaqdır. Aparılan islahatlar son illər ölkədə pedaqoji fəaliyyətə marağı kifayət qədər artırıb. İlk dəfə olaraq məktəb direktoru vəzifəsinə işə qəbul mərkəzləşdirilmiş müsabiqə əsasında keçirilib, yerli icra hakimiyyəti orqanlarının rəyi də nəzərə alınaraq 232 nəfər direktor vəzifəyə bu yolla təyin olunub.

Təhsildəki islahatlara ən yüksək səviyyədə olan diqqət tədqirə layiqdir. Ölkə başçısının müvafiq sərəncamları ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin,  informasiya texnologiyaları sahəsində ilk peşə-ixtisas təhsili ocağının yaradılması, təhsil sistemində aparılan islahatların davamıdır və bu islahatlar yaxın gələcəkdə ölkə iqtisadiyyatının yüksək səmərəli nəticələr əldə etməsində öz sözünü əsaslı şəkildə deyə biləcək.

 

Fikrət Yusifov
Iqtisad elmləri doktoru, professor

 



  Bölmə: Ölkə | Baxış sayı: 157 | Tarix: 13.10.2016, 23:24


Xəbərlər