Ermənistanın dövlət sərhədində genişmiqyaslı təxribat törətməkdə məqsədi nədir?- Keçmiş nazir təxribatlar haqda danışdı
17.11.2021 504 0.0 0

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun müsahibəsi

- Ermənistanın dövlət sərhədində genişmiqyaslı təxribat törətməkdə məqsədi nədir?

 

- Bu hadisələrdən əvvəl Ermənistanın daxilində gərgin və geniş diskussiyalar gedirdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıya bilər, yaxud tanıya bilməz. Bəziləri belə fikir səsləndirirdilər ki, yüksək səviyyəli görüşlər olmalı, bu və ya digər sənədlər qəbul edilməlidir. Bu diskussiyaların nəticəsində hiss olundu ki, Ermənistan siyasi rəhbərliyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımamaq qənaətinə gəlib. Bu o deməkdir ki, Azərbaycana qarşı ərazi iddialarına əsaslanan siyasətlərini davam etdirmək istəyirlər. Bu təxribatı ona görə törədiblər ki, yaranan gərginliklə bağlı bu və ya digər ünvanlara yardım mesajları göndərsinlər və hansısa ölkələri, beynəlxalq qurumları bura cəlb etsinlər. Ermənistanın əsas məqsədi sərhəd yox, təmas xəttini formalaşdırmaqdır. Təmas xətti tamam başqa məfhumdur. Bəllidir ki, bu halda münasibətlər sülh yox, qarşıdurma formatında davam etdiriləcək. Ona görə də özlərini sığortalamaq üçün bura hansısa beynəlxalq qurumları cəlb etmək niyyətindədirlər. Yəni Rusiya, yaxud onlar üçün daha sərfəli olan Qərbin hansısa ölkələrinin müşahidəçiləri, strukturları gəlsin və onların arxasından təxribat siyasətlərini davam etdirsinlər.

Ermənistanda əsas məsələ odur ki, köməyi kimdən - Rusiyadan, yaxud Qərbdən gözləyək? Ermənistanda rusiyapərəst və qərbpərəst qüvvələr var. Bu təxribatın fonunda da eyni zamanda Rusiyanın kömək vədlərini sınaqdan keçirmək istəyirlər. Yəni Rusiya köməyə gələcək, köməyə gəlməsə də, əsas əldə edəcəyik ki, qərbyönümlü siyasət həyata keçirək.

Ən əsası onlar başa düşürlər ki, mövzular artıq bölünüb. Qarabağ mövzusu ayrıdır, Ermənistanın bu mövzuya müdaxilə etməyə heç bir əsası yoxdur. İstəyirlər ki, bu sərhəd, əslində, istədikləri təmas xətti mövzusu ilə Ermənistan dövləti olaraq mövqelərini təsbit etsinlər, sərhəd yox, təmas xətti yaransın. Lakin Ermənistanın bu siyasəti aparmaq üçün həm hərbi, həm siyasi, həm iqtisadi, eləcə də siyasi baxımdan potensial imkanları çox məhduddur.

- Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirmişdi ki, son hadisə ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət ediblər. Ancaq sonra məlum oldu ki, belə müraciət olmayıb, sonra yazılı müraciət edəcəklər və s. Bununla Ermənistan nəyi nümayiş etdirmək istəyirdi?

- Yenə də elə bil keçən il müharibədən qabaqkı vəziyyət təkrarlanır. Keçən il Tovuz hadisələri zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Rusiyaya müraciətlər vardı. Öncə də qeyd etdiyim kimi, bir növ Rusiyanı sınaqdan keçirirlər. Yəni Rusiya müttəfiq olduğunu deyir, amma köməyə gəlmir. İndi də həmin vəziyyəti təkrarlamaq istəyirlər. Hesab edirlər ki, bu halda Rusiyadan kömək alacaqlar, təmas xətti boyu müşahidəçilər yerləşəcək. İnanmıram ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunları gəlib Ermənistanı qorumaq üçün orada yerləşsin. Mümkün olan odur ki, vasitəçilik missiyası olsun və hansısa müşahidəçilər təmas xətti boyu yerləşsin. Bir sözlə, təmas xətti formalaşdırmaq yönündə siyasətlərini davam etdirmək, buna beynəlxalq qarantiya almaq üçün buna ümid edirlər. İkinci halda isə Rusiya onlarla kömək etməyəcək, bu halda da qərbyönümlü siyasətlərini daha da gücləndirəcəklər. İndi də Ermənistanda belə fikirlər səslənir ki, əgər Rusiya kömək etmirsə, NATO-ya, Fransaya müraciət edək. Vəziyyət təxminən belədir. Bu təxribatlar birbaşa Ermənistanın daxilində olan böhranın göstəricisidir.

- Ermənistan nə üçün sərhədlərin delimitasiya və demarkasiyasından çəkinir?

- Delimitasiya və demarkasiya texniki prosesdir. Beynəlxalq təcrübəyə uyğun olaraq delimitasiya və demarkasiya sülh sazişindən sonra ortaya çıxa bilər. İstənilən sülh sazişinin əsas bəndi tərəflərin bir-birinin ərazi bütövlüyünün tanıması ilə bağlı olur. Əgər Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlasa, deməli, Ermənistan siyasi elitası 30 il ərzində dövlətçiliklərinin əsas ideyası olan Qarabağı Azərbaycandan qopararaq Ermənistana birləşdirmək ideyasına son qoyur. Problem bununla bağlıdır. Biz onu da gördük ki, Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə ay ərzində müxtəlif istiqamətlərdə bəyanatlar verdi, sülh sazişinin mümkün olduğunu göstərmək istədi. Sülh sazişinin bünövrəsi də qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımaqdır. Ancaq həm hərbçilər, həm də müxalifətin təzyiqi ilə Nikol Paşinyan sülh sazişi ideyasından uzaqlaşıb təmas xətti formalaşdırmağa yönəlib. Bununla da mövzudan qaçmaq kimi taktikanı seçmiş olur.

- Baş verən hadisələr Ermənistan cəmiyyətində necə qarşılanır?

- Ermənistan cəmiyyətində çoxdan təşviş, qorxu mövcuddur. Bu, həm Qarabağda qalan ermənilərə, həm də Ermənistanda yaşayan ermənilərə aiddir. Çünki insanların bu ölkədən axını onların gələcəyə inanmadıqlarını göstərir. İndi də bu təxribat nəticəsində zərbələr aldıqdan sonra təbii ki, onların qorxusu daha da artacaq. Onlar həmişə olduğu kimi yenə də sahib axtarışına davam edəcəklər. Rusiyanın, yoxsa Qərbin əlinin altına gedək, Rusiya, yoxsa Qərb etibarlı dostdur? Yəni onların tarix boyu “Kimə nökərlik edək” sualı yenə də aktualdır, axtarışdadırlar./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar