Tarix: 07.12.2016,   Saat: 22:12, Çərşənbə.          

Ermənilər müasir silahları hardan aldı? - Fotolar

Sentyabrın 21-də İrəvanda Ermənistanın "müstəqilliyi"nin 25 illiyinə həsr olunmuş hərbi parada hazırlıq gedir. Maraqlısı bundadır ki, bu dəfə şəhərin küçələrində əvvəllər heç zaman nümayiş olunmamış silah və hərbi texnikanın mövcudluğu müşahidə edilib.

Qazeta.info bildirir ki, Milli.az-ın yazdığına görə, ermənilər küçələrə 500 km-ə qədər məsafəyə zərbə endirməyə imkan verən "İsgəndər-M" operativ-taktiki raket kompleksi (OTRK), "İnfauna" və R-325U kimi radioelektron mübarizə və maneə kompleksləri, eləcə də "Smerç" reaktiv yaylım atəşi sistemləri, "BUK" zenit-raket kompleksləri çıxarıblar. Təbii ki, bu tipli texnikaların İrəvan küçələrində görünməsi Azərbaycanda bəzilərinin müəyyən qədər də olsa, narahatlığına səbəb olub.

Sual olunur: Bu silah və texnikalar Ermənistanda birdən-birə haradan peyda oldu? Onları ermənilərə kim verdi?

Məsələni dərindən araşdıranda məlum olur ki, bu, ermənilərin növbəti oyunu, gözə kül üfürmək üçün etdiyi blefdir. Bunu isə sayta hərbi məsələlər üzrə tanınmış ekspert Üzeyir Cəfərov deyir:

"O müasir silahlar Rusiya ilə ikitərəfli razılığa əsasən Ermənistana yalnız paradda nümayiş olunmaq üçün verilib. Onlar Ermənistanın silahlı qüvvələrinin arsenalında olan silahlar deyil. Ermənistan iqtisadi cəhətdən o qədər imkana malik deyil ki, o silahları ala bilsin. Sadəcə, o silahlar, məsələn, "İskəndər-M", "İnfauna", "Smerç" və s. Rusiyanın 102-ci hərbi bazasından götürülüb, üzərinə Ermənistanın emblemləri, bayraqcıqları vurulub. Bu ermənilərin informasiya müharibəsinin tərkib hissəsidir. Ermənilər bununla bizə psixoloji təsir göstərmək istəyir, demək istəyirlər ki, guya bizim 500 km-dən hədəfi vurmağı bacaran raketlərimiz var. Bu, başdan-ayağa "blef"dir. Bu növbəti erməni həyasızlığı və yalanıdır. O silahlardan Ermənistan ordusunda olmayıb, indi də yoxdur. Bu, həm də Rusiyanın bizə təzyiq elementlərindən biridir".

Ekspertin fikrincə, Rusiya o silahları heç zaman Ermənistana verməyəcək: "Rusiya Ermənistanın etibarlı tərəfdaş olmasına inanmır və "İskəndər" raketlərini də onlara heç vaxt verməz. Bunlar, sadəcə, regionda ajiotaj yaratmaq, Ermənistanda guya güc sahibi olduğu görüntüsü yaratmaq üçündür. Əgər o silahlar ermənilərdə olsaydı, onlar çoxdan bunu başımıza qaxanc edib deyərdilər ki, biz Bakını vurarıq, elə edərik, belə edərik. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan da deyirdi ki, bizim nüvə silahımız var. Bəs nə oldu axırı? Beynəlxalq təşkilatlar məsələ ilə bir balaca maraqlanan kimi dedilər ki, yoxdur. Heç ola da bilməzdi. İndi də "İskəndər" raketlərini göstərib "lotu"luq edirlər. Beynəlxalq qurumlar da onlara gülürlər. İndiyədək Adi Silahlı Qüvvələr haqqında inspeksiyanı aparanlar bircə dəfə də olsun o silahların Ermənistanda olması ilə bağlı fikir səsləndirməyiblər. Rusiya heç 200 milyonluq kreditlə alınmış silahın hamısını Ermənistana hələ verməyib, o ki qala bu raket kompleksləri".

Ona görə də Ü.Cəfərov hesab edir ki, bu cür məlumatlardan narahat olmağa dəyməz: "Mətbuat da bu məlumatları yayanda bir qədər diqqətli olmalı və erməni dezinformasiyalarına aldanmamalıdır. Bizim onlardan qat-qat güclü silahlarımız var. Azərbaycan hər zaman Cənubi Qafqazda ən güclü Hərbi-Hava Qüvvələrinə (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) sisteminə malik olub. O da sirr deyil ki, SSRİ-nin cənub istiqamətindəki qoşunları Bakıda yerləşirdi. Azərbaycanda müstəqillik əldə etdikdən sonra isə, xüsusən də son illər ən müasir HHM qurğuları alınıb. Onlar Ermənistanda yoxdur və ola da bilməz. Ona görə biz bu ajiotaja və ermənilərin mediada və sosial şəbəkələrdəki dezinformasiyalarına aldanmamalı, ordumuzun döyüş ruhuna xələl gətirməməliyik"./qafqazinfo.az/

 

 

 

 

 

 



  Bölmə: Manşet | Baxış sayı: 397 | Tarix: 19.09.2016, 15:38


Xəbərlər