Tarix: 03.12.2016,   Saat: 06:23, Şənbə.          

Ermənilər aprel savaşının şokundan çıxdımı...

Zahid Oruc: “Azərbaycan bu döyüşlərdən sonra elə silahlar alıb ki...”

 

4 günlük aprel əməliyyatları zamanı ətrafında ən gərgin döyüşlərin getdiyi və erməni sakinlərin tamamilə tərk etdiyi Talış kəndi yenə də diqqət mərkəzindədir. Erməni rəhbərliyi  kənddən qaçaraq Dağlıq Qarabağın  və Ermənistanın müxtəlif yerlərində məskunlaşmış erməni ailələrinin kəndə qaytarılması üçün tədbirlər görməyə başlayıb.
 
Moderator.az-ın erməni KİV-ə istinadla verdiyi xəbərə görə, Talış kəndinin Azərbaycan ordusu ilə təmas xətti istiqamətində atəşdən qorunmaq üçün sədlər çəkilməyə başlanıb. 
Bir sıra ekspertlər hesab edir ki, apreldəki uğurlu hərbi əməliyyatlar dayandırılmasaydı, Dağlıq Qarabağ problemi 2016-cı ildə həll olunacaqdı. Aprel savaşı Ermənistanı sanki yuxudan ayıltmış oldu, ermənilər və onların havadarı gördü ki, Azərbaycan ordusu güclənib, istənilən an hücuma keçib torpaqları azad etmək gücündədir. Təsadüfi deyil ki, hərbi əməliyyatların dayanmasından sonra Ermənistan danışıqlar prosesini süni şəkildə uzatmaqla bütün cəbhə xətti boyunca silahlanmanı gücləndirməyə başladı, Rusiyadan alınan uzaqvuran raketlər, ağır texnika Azərbaycanın işğal olunmuş ərazilərinə sürətlə cəmləşdirildi və proses indi də gedir. Ermənistan “İsgəndər-M” raketlərini də artıq Azərbaycana qarşı təhdid olaraq ortaya çıxarıb. 
 
Hərbi və siyasi ekspertlər eyni zamanda qeyd edir ki, son 6 ayda baş verənlər Rusiyanın aprel ayında Ermənistanı faktiki ortaya çıxmış acı məğlubiyyətdən xilas etdiyini sübuta yetirdi. Beləliklə, işğal olunmuş rayonlarımızın azad olunması və Qarabağ münaqişəsinin 2016-cı ildə həll edilməsi üçün yaranmış şans ən azı bu il əldən çıxıb. 
 
Deputat Zahid Oruc isə hesab edir ki, 2016-cı il Qarabağ münaqişəsinin həll olunduğu il kimi tarixə düşməsə də bu il münaqişənin həlli üçün uğurlu il, dönüş ili olub: "Ona görə ki, ötən 10 illər ərzində bu məsələ beynəlxalq müstəviyə heç vaxt indiki qədər çıxmamışdı. Aprel döyüşləri zamanı beynəlxalq medianın gündəmindəki iki-üç ən ciddi məsələdən biri məhz Qarabağ məsələsi idi. Nəzərə alsaq ki, istənilən siyasi elitalar məhz beynəlxalq KİV-dəki xəbər axınları ilə işləyirlər, hesablaşırlar, deməli cəbhə xəttindəki üstünlüyümüz təkcə 2 min kvadrat kilometrlik ərazi ilə bitmədi. Ermənilər böyük zərbə aldı, Qarabağ məsələsi müxtəlif mərkəzlərin, siyasi institutların nəzər diqqətinə çıxdı və münaqişənin gələcək həlli üçün çox müxtəlif təkliflər, mövqelər irəliyə sürüldü. 
 
Azərbaycan əsgəri aprel ayında önə çıxmışkən dayanmayıb irəli getmək və beləliklə də prosesin birdəfəlik ədalətli başa çatması mümkün olardımı? Necə ki, həmin ərazilərin coğrafi vəziyyəti döyüş əməliyyatlarında mütləq havadan hücum əməliyyatlarını istəyirdi, o cür də beynəlxalq siyasi məkanda çətinliklər artıq özünü 3 gün sonra göstərməkdəydi. ABŞ münaqişənin bu səviyyədə cərəyan edəcəyini gözləmirdi. 
 
ABŞ-ın rəhbər şəxslərindən müraciətlər edildi ki, danışıqlar masasına təcili əyləşmək lazımdır, atəşi vaxt keçmədən dayandırmaq lazımdır. Eyni çağırışlar Avropa Birliyindən də edilirdi. Onlara elə gəlirdi ki, Azərbaycan Rusiya ilə müəyyən anlayışda Ermənistana dərs vermək planını işə salıb. Qərb siyasi dairələri hesablayırdı ki, Moskva Bakı ilə belə bir hərbi əməliyyatları razılaşmış şəkildə keçirsə, bu, artıq Qafqaz üzərində Rusiyanın planının tərkib hissəsi olacaq. 
 
Aprel savaşı 10-15 gün davam etsəydi daha fərqli bir formatda danışıqlar, proseslər başlayacaqdı və avtomatik beynəlxalq təzyiqlər demək olacaqdı. Ona görə də hesab edirəm ki, məsələ çox sadə müstəvidə olsa, dövlətimizin rəhbəri bütün siyasi riskləri, təhlükələri, hərbi təhdidləri, ola biləcək zərərləri tam kontekstdə hesablayaraq fərqli bir qərar verərdi. 
 
Əgər “dayan” əmri verildisə bunun özünə məxsus səbəbləri var idi. Atəşi dayandırmaq təklifi Azərbaycanı aldatmaq, əl-qolunu yanına salıb gözləməsini tələb etmək niyyəti ilə edilməmişdi. Daha artıq dərəcədə münaqişənin bütün regionu bürüyə biləcəyi təhlükəsinin önlənməsi üçün edilmişdi. Biz aprel savaşında rayonlarımızı azad etmədiksə də Qarabağ məsələsində bir addım irəlilədik. İndi ermənilər öz boğazlarından kəsib, çökməkdə olan iqtisadiyyatlarını bir qədər sarsıdaraq iqtisadi resurslarını cəbhədə güclənmək yönündə xərcləyirlər. 
 
Bu, artıq Azərbaycanla yarış deməkdir, ermənilərin təhsilindən, səhiyyəsindən, iqtisadi gələcəkləri üçün lazım olan resurslarını gətirib səngərə qatması deməkdir. Axı nə qədər ömürlərini, ölkələrinin gələcəyini səngərdə çürütmək mümkün olacaq. Ermənilərin səngərdə silahı artsa da Ermənistan daxildə bütün sahələrdə sarsılmaqda davam edəcək. Azərbaycan isə heç bir təşvişə düşmədən sabit şəkildə inkişafını davam etdirməkdə olacaq. Azərbaycan öz iqtisadi-siyasi inkişafı çərçivəsində hərbi mövqelərini daha da gücləndirmək üçün daim ermənilərə təzyiq siyasətini davam etdirməlidir. Ermənistanda əhalinin Qarabağdan aldığı zərbələr hiss olunduqca, bu onların dövlətçiliyini də zəiflədək, xalqın da mübarizə əzmini öldürəcək".
 
Z.Oruc bəyan etdi ki, dörd günlük aprel savaşında qazandığımız uğuru heç bir arqument inkar edə bilməz:“Ermənilər nə qədər çalışsalar da hərbi güc balansı bərpa olunmayacaq. Yalnız bunu demək kifayətdir ki, Azərbaycan aprel savaşından sonrakı dövrdə son aylar ərzində elə müasir silahlar alıb ki, əgər beynəlxalq dairələri neytrallaşdırmaq mümkün olsa və biz ermənilərlə üz-üzə qalsaq Dağlıq Qarabağ münaqişəsinin taleyini qısa bir müddətdə həll edəcək”./musavat.com/


  Bölmə: Ölkə | Baxış sayı: 236 | Tarix: 24.10.2016, 12:24


Xəbərlər