Elmsiz şəhərsalma və diri-diri yanan insanlar
01.06.2015 712 0.0 0

 

Şəhərsalma elmi, şəhərsalma tədqiqatları, ingiliscə urban studies adlanan elm var!

Görəsən Hacıbala Abutalıbov və Bakı şəhərində 800, Azərbaycanda 1000-dən çox binaya penoplast üzlük çəkən, bu üzlüklərin çəkilməsinə rəsmi icazə verən yüksək vəzifəli şəxslərin, tikintidə təhlükəsizliyə nəzarət etməli olan təşkilatların şəhərsalma elmi haqqında məlumatları varmı?

Tikinti-söküntü cinayətinin iştirakçıları bu qanlı biznesin nəticəsində 15 nəfərin diri-diri yanmasından sonra şəhərsalma elmi haqqında düşündülərmi?

 

Şəhərsalma elmində Azərbaycan dünyada axırıncı yerdədir

 

Mən onların nə düşündüklərini bilmirəm. Amma dünyada şəhərsalma tədqiqatları  deyilən elmdən və bu elmin Azərbaycandakı vəziyyətindən xəbərdaram.

Aşağıdakı rəqəmləri tikinti-söküntü biznesinin iştirakçılarının, hörmətli oxucularn və jurnalistlərin nəzərinə çatdırıram.

1996-2013-cü illər ərzində Şəhərsalma elmi sahəsində 142 ölkə arasında ABŞ yüksək İmpact faktorlu jurnallarda 10151 işlə birinci yerdə, Türkiyə 271 işlə 18-ci yerdə, İsrail 264 işlə 19-cu yerdə,Gürcüstan 6 işlə 88-ci yerdə, Azərbaycan 1 işlə 124-cü yerdədir. Əslində bu 124-cü yerin axırıncı 142-ci yerlə demək olar ki, bir fərqi yoxdur. Yəni 124-cü yerdə olan Azərbaycan da 142-ci yerdə olan Tacikistan da dünya elmində cəmisi 1 işlə təmsil olunub.

 

Bakını eksperimental poliqona çevirənlər bu rəqəmlərdən nəticə çıxarsınlar!

 

Şəhərsalma elmində bizdən yuxarıda olan bəzi ölkələri də göstərməyi vacib hesab edirəm. Bu rəqəmlər mənə və digər ağlı başında olan insanlara utanc gətirsə də onları da bu yazıda verirəm ki, Bakı şəhərini və digər şəhər və rayonlarımızı eksperimental tikinti və söküntü poliqonuna çevirənlər tanış olsunlar.  

Belə ki, daimi müharibələr və terror ölkəsi olan Əfqanıstan şəhərsalma elminə görə 1 işlə 123-cü yerdə, dünyanın kasıb və indi dini münaqişələr ölkəsi olan Yəmən 2 işlə 122-ci yerdə, bombardmanlar nəticəsində darmadağın olan Suriya 2 işlə 119-cu yerdə, Nikaraqua 2 işlə 117-ci yerdə, Niger 2 işlə 116-cı yerdə, Ermənistan 2 işlə 111-ci yerdə, Anqola 2 işlə 110-cu yerdə, Sudan 4 işlə 106-cı yerdə, Namibiya 4 işlə 105-ci yerdə, Mozambik 4 işlə 103-cü yerdə, Fələstin 6 işlə 90-cı yerdə, Oman 6 işlə 89-cu yerdə, Gürcüstan 6 işlə 89-cu yerdə, Kuba 6 işlə 87-ci yerdə, Tunis 7 işlə 85-ci yerdə, Latviya 7 işlə 83-cü yerdə, Bəhreyn 7 işlə 81-ci yerdə, Zambiya 8 işlə 80-ci yerdə, Həbəşistan 8 işlə 78-ci yerdə, Nepal 9 işlə 76-cı yerdə, Ekvador 9 işlə 73-cü yerdə, Vyetnam 10 işlə 72-ci yerdə, Zimbabve 14 işlə 68-ci yerdə, İordaniya 22 işlə 60-cı yerdə, Estoniya 23 işlə 59-cu yerdə, Litva 217 işlə 22-ci yerdə təmsil olunub.

 

Binalar və insanlar elmsizlikdən yanır

 

Bakı şəhərinin və rayonlarının icra başçıları! Tikintiyə məsul olan digər təşkilatlar! Siz bu rəqəmlərə baxanda şəhərsalma elmi sahəsində Azərbaycanın miskin durumunu görürsünüzmü? Bakıda ölkə əhalisinin yarısı yaşayır. Siz Bakını- yəni Azərbaycanın yarısını nə günə saldığınızı fikirləşirsinizmi? 

Binalar və insanlar sizin elmə və elm adamlarına, insanlara münasibətiniz nəticəsində yandı.

Hacıbala müəllim! Siz fiziksiniz, elmlər doktorusunuz. Bakı şəhəri rayonlarının icra başçıları və digər yüksək vəzifəli günahkar şəxslər elmdən bixəbər olsalar da, siz bilməliydiniz ki, hər şey elmi əsaslar üzərində qurulur. Şəhərsalma da elmi əsaslar üzərində qurulmalıdır.

Hacıbala müəllim! Siz deyə bilərsinizmi Bakı Şəhər İcra Hakimiyyətində İcra başçısı olduğunuz müddətdə Memarlıq və İnşaat Universitetində, Bakı Dövlət Layihə institutunda neçə dəfə olmusunuz? Onlardan hansı təklifləri istəmisiniz?

Sualıma özüm cavab verirəm! Siz buralarda olmamısınız. Sizə onların heç bir təklifi lazım deyil. Onların şəhərsalma haqqındakı təklifləri sizin gördüyünüz işlərə zidd olacaqdı.

 

Şəhərsalma prosesindəki fəaliyyətiniz dünya elminə ziddir

 

Sizin şəhərsalma prosesindəki bütün fəaliyyətiniz dünya şəhərsalma elminə ziddir.

Şəhərsalmada həm biznes var, həm də elm!

Siz elmə və elm adamlarına tüpürmüsünüz!

Ona görə elmsiz şəhərsalma ilə məşğul olursunuz. Elmsiz şəhərsalma isə şəhərsalma elmini lazımsız edir- məhv edir!

Binalar və insanlar elmsizlikdən yanır!

Buna çobansayağı şəhərsalma da demək olar!

Elmsizlikdən Bakı tikinti və söküntü poliqonuna çevrilib!

Bu elmsizlik meydanında, bu tikinti və söküntü poliqonunda xalqın rifahını təmin etməli olan milyardlarla vəsait mənimsənilir, yanır və göyə sovrulur!

 

Prof.Dr. Qüdrət İsaqov

 

Rusiyada nəşr olunan Beynəlxalq Alternativ Energetika

və Ekologiya jurnalı baş redaktorunun müavini

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar