EBOLA VİRUSUNA GÖRƏ “QAYNAR XƏTT” XİDMƏTİ YARADILIB.
20.08.2014 1781 0.0 0
 
 
Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini: “Yaxın 20-25 gün ərzində xaricdə olmamısınızsa, xaricdən kimsə yanınıza gəlməyibsə, heç bir narahatlığa əsas yoxdur”

 

 

Azərbaycanda Ebola virusu ilə bağlı Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında “qaynar xətt” xidməti yaradılıb.

 

Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov  açıqlamasında deyib ki, adi vaxtlarda “qaynar xətt” iş vaxtlarında fəaliyyət göstərib, amma tələbat olan vaxtlarda xidmətin iş vaxtı artırılır. Onun sözlərinə görə, dünəndən etibarən 530-32-13 nömrəli “qaynar xətt” 24 saat ərzində vətəndaşlara xidmət edəcək.

 

Ş.Qurbanov qeyd edib ki, hər bir şəxs günün istənilən saatında hansısa narahatlıqla bağlı bu nömrəyə zəng vura bilərlər: “İnsanların bəzilərinin bu xəstəlik haqqında məlumatı yoxdur və bununla bağlı yetərincə suallar olur. Bütün bu və ya digər suallara, insanların müraciətlərinə “qaynar xətt” vasitəsilə ətraflı cavab veriləcək. Artıq dünəndən etibarən hərarətləri yüksək olan, Ebola virusundan şübhələnən və bundan narahatlıq keçirən 1-2 nəfər “qaynar xətt”ə müraciət edib. Onlara başa salınıb ki, yaxın 20-25 gün ərzində xaricdə olmayıblarsa, xaricdən kimsə onların yanına gəlməyibsə, kiminləsə kontaktda olmayıblarsa, heç bir narahatlığa əsas yoxdur”.

 

Ş.Qurbanov bildirib ki, Rusiyada Afrika vətəndaşı vasitəsilə bu virusun aşkarlanması ilə bağlı yayılan xəbərlər narahatlığa səbəb olub. Onun sözlərinə görə, Rusiyanın bu virusun yayıldığı ölkələrlə böyük ticarət əlaqəsi var, turistlər gəlib-gedir: “Dünən Rusiya vətəndaşlarına həmin ölkələrə getməməyi məsləhət görüb. Amma yenə də buna baxmayaraq, turistlər gedirlər. Amma Azərbaycanın həmin ölkələrlə əlaqələri demək olar ki, yoxdur. Hər ehtimala qarşı həmin ölkələrdən gələn insanları sərhəd-keçid məntəqəsində qeydiyyata almaq lazımdır, onlar maksimal inkubasiya dövründə - təxminən 3 həftə nəzarətdə saxlanılmalıdır ki, bu müddət ərzində hansısa hal aşkar olunarsa, dərhal lazımi tədbirlər görülsün”.

 

Direktor müavini vurğulayıb ki, Azərbaycanda bu virusun yayılması mümkün deyil: “Çünki bu virus insanların gigiyena qaydalarına riayət etmədikləri üçün yayılır. O xəstəlik Azərbaycana gəlsə də, onun yayılma imkanı yoxdur. Çünki insanlar başa düşürlər ki, xəstə ilə təmasda olmaq olmaz. Hansısa ölkədən xəstə gəlsə də, bu xəstəliyin ölkədə yayılma ehtimalı yoxdur. Hər bir halda səhiyyə nazirinin müavininin əmrindən sonra da Ebola virusu xəstəliyinin ölkəyə keçməsinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər gücləndirilib”.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar