Dünya İranla razılığa gələ bilmir (FOTO)
29.06.2015 619 0.0 0

Altılıq ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) və İran ölkənin nüvə proqramına nəzarət məsələsini iyunun 30-dan sonra da davam etdirəcək. Məlumata görə, İranın xarici işlər naziri Cavad Zərif rəhbərliklə müzakirələr aparmaq üçün Tehrana getməli olduğunu bildirib. Nazir daha sonra yenidən qayıdacağını deyib.

Amerika nümayəndə heyəti isə Cavad Zərifin getməsinin müzakirələrə heç bir maneə yaratmadığını bildirib. "Bütün nazirlər Vyananı tərk edə, daha sonra müzakirələrə qayıda bilərlər. Bununla belə, tərəflər İranın nüvə proqramı məsələsində yekun razılaşmanı əldə etmək üçün iyunun 30-dan sonra da qalmağı planlaşdırırlar".

İranın nümayəndə heyətinin üzvü də buna bənzər açıqlama verib: "Hələ görüləcək çox işimiz qaldığından tərəflər iyulun 1-dən sonra da müzakirələri davam etdirəcəklər ki, qaneedici razılıq əldə etsinlər".

Müzakirələrin bu qədər uzadılmasına səbəb isə tərəflər arasında bir sıra məsələlərdə hələ də fikir müxtəlifliyinin olmasıdır. Fransanın xarici işlər naziri Loran Fabius jurnalistlər qarşısında çıxış edərkən razılaşdırılmalı olan məslələrdən danışıb. Onun sözlərinə görə, ən azı 3 həll edilməli məsələ var. Onlardan biri İranın nüvə sahəsində tədqiqat və istehsalatında imkanlarının məhdudlaşdırılmasıdır. İkinci müzakirə mövzusu nüvə və hərbi obyektlərinin yoxlanılmasıdır. Üçüncü məsələ isə Tehranın sövdələşməni pozduğu halda sanksiyaların avtomatik olaraq bərpa edilməsidir. 

 

 

Dialoqun nə vaxtadək uzadılacağı haqqında hələlik heç bir məlumat yoxdur. Lakin bəzi mənbələr ABŞ-ın müzakirələrdə maksimum iyulun 9-a qədər iştirak edəcəyini yazır. İndiyədək tərəflər iyunun 30-a qədər razılaşmadan bəhs edirdilər. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar