Dünya Bankı: Çin Rusiyanın neft-qaz sektorunu çökdürəcək
17.11.2017 958 0.0 0

Çin iqtisadiyyatı yavaşlayır, Hindistanda isə sürətlənir. Bu dəyişiklik Rusiyanın neft-qaz sektoruna mənfi təsir edəcək. Məlumata görə, bu barədə Dünya Bankının (World Bank) "Çin iqtisadiyyatının yenidən balanslaşdırılması və Hindistan iqtisadiyyatında artımın bərpası: Rusiya hansı tərəfə istiqamətlənir?" adlı hesabatında bildirilib.

Hesabatda qeyd edilir ki, Rusiyanın yeni bazar axtarışlarında perspektivləri zəifdir. Son 10 il ərzində Rusiya öz kateqoriyasındakı inkişaf etməkdə olan ölkələrdən ixrac baxımından geri qalıb. İxracın ÜDM-də xüsusi çəkisi 2005-2007-ci illərdəki 33%-dən 2013-2015-ci illərdə 28%-ə enib. Son onillikdə Rusiyanın Çinlə ticarət həcmi 3 dəfə artdığı halda, Hindistanla son 5 ildə cəmi 15% artıb.

Hesabatda qeyd edilir ki, Çin iqtisadiyyatında artım tempi cari 6,5% səviyyəsindən 2030-cu ilə 4,6%-ə geriləyəcək. Bunun nəticəsi Rusiyanın bütün iqtisadi sahələrində hiss ediləcək. Xidmət sektorunda azalma 8%, neft-qaz sektorunda isə 24% olacaq. 2030-cu ilə Çinə olan neft-qaz ixracı cari səviyyədən 18% azalacaq. Nəticədə, Rusiya rublunun məzənnəsi daha da düşəcək.

Hindistan iqtisadiyyatında cari artım tempi 6%-dən 2030-cu ildə 8%-ə yüksəlsə də, Rusiya bundan az bəhrələnəcək və iqtisadi artıma təsiri 2030-cu ilə cəmi 0,06% təşkil edəcək.

Müqayisə üçün qeyd edək ki, hazırda Çinə ixracın məcmu ixracın strukturunda xüsusi çəkisi 11%, Hindistana isə 2% təşkil edir: "Ümumiyyətlə, Çin və Hindistan iqtisadiyyatlarındakı dəyişikliklər Rusiya iqtisadiyatına imkanlardan çox problemlər gətirəcək"./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar