Deputat: «Avropa işğalçı Ermənistanın müdafiəsinə qalxıb»
26.01.2016 706 0.0 0

"Bu gün AŞPA-nın plenar iclasında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması” və “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzələr səsə qoyulacaq. Bu məruzələrin hər ikisi ötən ilin noyabr ayında Komitə iclaslarında böyük səs çoxluğu ilə qəbul edilib. AŞPA təcrübəsində ilk dəfədir ki, Komitələrdə qəbul edilmiş məruzələr plenar iclasda belə ciddi təzyiqlərə məruz qalır. Ermənistan rəsmilərinin sessiya ərəfəsindəki açıqlamalarında bu məruzələrə qarşı necə ciddi hazırlıq işləri aparıldığı geniş şərh olunurdu".
 
Məlumata görə, bunu Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov deyib.
 
"Dünən, sessiyanın ilk günündə isə biz bunun canlı şahidi olduq. Ermənistan Avropa Şurasına bütün üzv ölkələrin prezidentləri, baş nazirləri və digər aparıcı şəxsləri vasitəsilə, hətta din amilini önə çəkərək din xadimləri vasitəsilə AŞPA üzvlərinə təsir və təzyiqlər ediblər. İşğalçı Ermənistan və işğala dəstək verən çoxsaylı anti-Azərbaycan qüvvələri tərəfindən hər məruzənin əleyhinə ayrıca strateji plan hazırlanıb.
 
“Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsinə Ermənistan tərəfindən 21 düzəliş verilib. Bu düzəlişlər məruzədəki əsas məqamların, işğal faktını ifadə edən kəskin bəndlərin çıxarılmasını nəzərdə tutur ki, bununla da onlar məruzənin tam əhəmiyyətsiz vəziyyətə gətirilərək qəbul edilməsinə nail olmaq istəyirlər.
 
“Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması” məruzəsinin əleyhinə hazırlanmış strategiya isə tam fərqlidir. Ermənistan tərəfi bu məruzəyə heç bir düzəliş verməyib və qarşılarına bu məruzəni bütövlüklə məhv etmək məqsədi qoyublar. Bunun üçün onlar 3 pilləli ssenari ilə işləyirlər - məruzəni müxtəlif bəhanələrlə, yenidən baxılması üçün Siyasi Komitəyə qaytarmaq; Komitəyə qaytarmaq mümkün olmazsa, məruzəni plenar iclasda bütövlükdə rədd etdirmək, rədd olunmasına da nail olunmazsa, məruzənin əleyhinə səs verməklə təsdiq olunmasını əngəlləmək.
 
Onlar birinci istiqamət üzrə artıq sessiyanın ilk günü - yanvarın 25-də işə başlayıblar", - deyə E. Süleymanov bildirib.
 
O qeyd edib ki, AŞPA prosedur qaydalarına zidd olaraq, AŞPA-nın baş katibi Voytsex Savitski Büroya təzyiqlər edərək məruzənin Komitəyə qaytarılmasını təklif edib: "Lakin bu təklif Büronun dünənki iclasında rədd edilib. Düşmənlərimiz daha sonra siyasi fraksiyalarda hücuma keçdilər. AŞPA-nın 5 siyasi fraksiyasının ikisində - Sosialislər və Solçular qruplarında məruzələrin Komitəyə qaytarılması qərara alınıb, digər fraksiyalarda isə Ermənistanın müdafiəsi üçün çoxsaylı cəhdlər olub. Qeyd edim ki, işğal məruzəsinin müəllifi Robert Volter artıq parlamentari kimi AŞPA-da təmsil olunmur. Bu səbəbdən Ermənistan ilk növbədə məruzənin Siyasi Komitəyə qaytarılması üçün çalışır. Bu halda ermənilər Komitədə ermənipərəst bir deputatı məruzəçi seçdirmək istəyirlər ki, bununla da onlar bu məruzənin tamamilə aradan çıxarılmasına, öz işğalçı siyasətlərini ört-basdır etməyə nail olmaq niyyətindədirlər.
 
Bir neçə gün əvvəl ATƏT-in Minsk Qrupu tərəfindən AŞPA-ya verilmiş xəbərdarlıq bəyanatı  da birbaşa işğalçının maraqlarına xidmət edir. Bununla Minsk Qrupuna həmsədr ölkələrin siyasi hakimiyyətinin Ermənistanın müdafiəsində durduğu açıq-aydın görünür. Bu gün Avropa işğalçı Ermənistanın müdafiəsinə qalxıb, işğala məruz qalmış Azərbaycana qarşı isə aqresiya və qəzəb hökm sürür"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar