Daha bir yüksək vəzifəli məmur həbs edildi
03.11.2015 804 0.0 0

"Azərpoçt" MMC-nin baş direktoru barəsində həbs qətimkan tədbiri seçilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata gorə, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayev baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Q.Bəybalayev barəsində artıq həbs qətimkan tədbiri də seçilib.

Oktyabr ayının 27-də digər yüksək vəzifəli şəxsin həbsi barədə xəbər yayılıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov həbs olunub. V.Zeynalovun həbsi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin bir neçə gün öncə işdən çıxarılan rəhbəri Beytulla Hüseynovla əlaqəlidir.

Vidadi Zeynalov nazirlikdən öncə, 2000-2004-cü illərdə İqtisad Universitetinin inzibati - təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Daha sonra iş yerini və Yüksək Texnologiyalar Nazirliyinə dəyişib.

 


Vidadi Zeynalov - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri 


Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin eks-rəisi Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur.

Bir müddət əvvəl də Baş Prokurorluq MTN-in 7 vəzifəli şəxsinin həbsi barədə məlumat yaymışdı. Məlumatda bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən edilib.

Oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub.

Oktyabrın 20-də isə digər sərəncamla Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin edilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar