Çin dünya üzrə ərzağın bahalaşmasını təhrik edir
30.12.2021 382 0.0 0

Çin əsas ərzaq məhsullarının alışını kəskin şəkildə artırıb. Ehtiyat olaraq milyonlarla ton düyü və taxıl yığılır. Tədarük edilən taxılın həcmi artıq digər dünya ölkələrinin toplam ehtiyatlarını üstələyir. Belə ki, Çinin anbarlarına qlobal düyü ehtiyatlarının 60 %-i, buğda ehtiyatlarının 51 %-i yığılıb. Noyabrda Çinin Taxıl Ehtiyatının Milli Administrasiyasının rəhbəri Tsin Yuyun buğda ehtiyatının ölkənin yarım illk ehtiyacını ödəyə biləcəyini deyib. Çin 2021 ildə xaricdən ərzaq tədarükünü 22 %, son 10 ildə isə 4 dəfəyə yaxın artırıb. Beləliklə 98,1 milyard ABŞ dolları dəyərində ərzaq idxal edilib ki, bu da tarixi rekord sayılır. Çinin özündə bu il taxıl istehsalı 7 il ardıcıl olaraq 650 milyon tonu keçəcək.

Çin dünya üzrə əsas tədarükçülərdən olan Rusiyadan aktiv şəkildə taxıl alır. O öz bazarını rus taxılının üzünə 2015-ci ildə açıb. İlk olaraq 4 regiondan sonrakı illərdə daha 2 regiondan ixraca icazə verilib. Lakin bu ayın ortalarında Rusiya tərəfi ilin sonuna kimi bütün regionlardan Çinə ixracın həyata keçirilməsinə dair qarşı tərəflə müvafiq razılaşmanın imzalana biləcəyini bəyan etdi. Ötən ilin nəticələrinə görə Çin Rusiya taxılının ən iri 10 tədarükçüləri sırasına daxil olaraq 1,9 milyon ton məhsul alıb. Bu ilin 10 ayında isə bu göstərici artıq 1,8 milyon tonu keçib.

Aparıcı taxıl ixracatçılarından olan Ukrayna Çinin əsas taxıl tədarükçülərindən biridir. Bu MDB ölkəsi Çinə hər il 3,5 milyon tondan çox taxıl satır. Lakin çinlilər özləri ölkələrinə bu məhsulların tədarükündən qazanmaq istəyirlər. Bu məqsədlə də aktiv şəkildə investisiyalar həyata keçirirlər. Belə ki, Çinlə bağlı olan və 42 müəssisəni əhatə edən “KSG Аgro” şirkəti Ukraynada 94 min hektar kənd təsərrüfatı təyinatlı torpaqları istifadə edir. 2016-cı ildə Çinin “COFCO Agri” korporasiyası Nikolayev limanında ildə 2,5 milyon ton taxıl ötürmək qabiliyyətinə malik terminal açıb. Hazırda bu terminal tam gücü ilə çalışır və vaxtı-vaxtında Çinə taxıl dolu gəmiləri yollayır.

Göründüyü kimi Çin taxıl ehtiyatlarını ərzaq məhsullarının hər hansı çatızmazlığının olmaması və kəskin ehtiyacın yoxluğu fonunda artırır. Bu proseslərin gələcəkdə də bu tempdə davam edəcəyi gözlənilir. Belə ki. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına əsasən gələn ilin birinci yarısında Çin öz əlində dünya qarğıdalı ehtiyatının 69 %-ni cəmləşdirəcək.

Çinin rekord həddlərdə taxıl tədarükü həyata keçirməsi bu gün qlobal ərxaq inflasiyasını tətikləyən əsas səbəblərdən birinə çevrilib. Bu gün dünya bazarında qida almaq BMT-nin statistika aparmağa başladığı 1961-ci ildən sonrakı istənilən ildə olduğundan daha çətindir. Yəni Çin öz hərəkətləri ilə dünya üzrə taxıl qiymətlərinin kəskin artmasına və bir sıra ölkələrdə aclığın yaranmasına səbəb olub. Bu o kasıb ölkələrdir ki, Çin orada kənd təsərrüfatı təyinatlı torpaqlar alır və ya kirayələyir. Lakin onun pulları hesabına hələ heç bir ölkə varlana bilməyib. Əksinə yaranmış situasiyadan ən böyük uduşda elə onun özü olacaq. Belə ki, taxıl ehtiyatlarının əhəmiyyətli hissəsini əlində cəmləşdirəndən sonra Çin əvvəla bazarda qiymətin formalaşdırılmasında inhisarçı mövqe əldə edəcək. Digər tərəfdən bu, qeo-siyasi mənada ciddi təsir alətinə çevriləcək./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar