
Yaponiyada keçirilən "G7"nin toplantısında qəbul edilmiş kommünikedə tərəflər bir sıra məsələlər barədə razılığa gəliblər.
Rusiya mənbələrinə istinadən verilən xəbərə görə, "Böyük yeddilik" liderləri Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi, hətta əlavə qadağaların tətbiq edilməsinin vacibliyini qeyd ediblər.
Yekun sənəddə qeyd olunur ki, rəsmi Moskva Minsk razılaşmasına əməl etmir və bunun davam edəcəyi halda yeni sanksiyalar barədə düşünüləcək.
"Biz qərarımızda israrlıyıq. Ukrayna münaqişəsi diplomatik yollarla, beynəlxalq hüquq çərçivəsində, ölkənin suverenliyi və ərazi bütövlüyü pozulmadan həllini tapmalıdır", - deyə bildirilir.
Sənəddə həmçinin vurğulanır ki, Krımın ilhaqı və Rusiyaya birləşdirilməsi yolverilməzdir.
"G7" liderləri sanksiyaların ləğv edilə biləcəyini də vurğulayıblar. Bunun üçün Rusiya üzərinə düşənləri həyata keçirməli, Minsk razılaşmalarına və Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.
Toplantı iştirakçıları İranın ballistik raket sınaqlarından da narahatlıq keçirdiklərini bildiriblər. "İranın bu hərəkətləri qəbuledilməzdir. Bu, BMT qətnamələrinə ziddir", - deyə qeyd olunur. Bunun Tehrana növbəti xəbərdarlıq olduğunu vurğulayan liderlər nüvə proqramı ilə bağlı İranın üzərindən iqtisadi və maliyyə qadağalarının götürülməsini bir daha düzgün addım kimi qiymətləndiriblər.
"Böyük yeddilik" ölkələrinin rəhbərləri Suriya böhranı ilə bağlı müzakirələrə də aparıblar: "Biz bütün tərəfləri atəşkəs razılaşmasına əməl etməyə, hər hansı hərbi müdaxilədən çəkinməyə çağırırıq". SİTATIN SONU.
Liderlər Kremlin Suriya məsələsində atdığı addımları alqışladıqlarını, lakin Dəməşqin aviaəməliyyatlarının sayının ara-sıra artırmasından və bu üzdən dinc sakinlərin həyatını itirməsindən narahat olduqlarını bildiriblər./apa/