Bölgələrdə əhalinin tibbi müayinələrdən keçirilməsinə başlanılıb
23.02.2018 872 0.0 0

Səhiyyə nazirinin müavini Nigar Əliyeva “Azərbaycan əhalisinin tibbi müayinələrdən keçirilməsi üçün mütəxəssislərin ezamiyyəti haqqında” sərəncam imzalayıb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sərəncama əsasən, Səhiyyə Nazirliyinin 30.01.2018-ci il tarixli sərəncamının icrası ilə əlaqədar bölgələrdə əhalinin tibbi müayinələrdən keçirilməsini təmin etmək məqsədi ilə yüksəkixtisaslı mütəxəssislər regionlara ezam olunurlar.

 

Ezam edilənlər arasında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Respublika Perinatal Mərkəzinin, Kliniki Tibbi Mərkəzin, Respublika Endokrinoloji Mərkəzin, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun, Doğum evlərinin, Qadın Məsləhətxanalarının və digər tibb müəssisələrinin mütəxəssisləri daxil ediliblər.

 

Yüksəkixtisaslı həkim briqadaları artıq regionlarda əhaliyə xidmət etməyə başlayıb.  

 

Qeyd olunub ki, Azərbaycan prezidentinin tapşırığı ilə 12 fevral – 12 may tarixlərində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində əhalinin tibbi müayinələri keçirilir. 

 

2017-ci ilin göstəricilərinə görə, respublika üzrə müayinədən keçirilmiş şəxslərdən 2041388 nəfəri əlavə müayinələrə cəlb edilib, 68427 nəfəri dispanser nəzarətinə alınıb, 27059 nəfəri hospitalizasiya olunub./apa/


Digər xəbərlər:
Şərhlər
avatar