Bakıda qızıl başlı balalar
12.05.2015 709 0.0 0

Bakıda olmuş əhvalatdır. Uzun illərdir ki, şəhər məktəblərindən birinə tarix dərsi keçən Əhməd müəllim bir dəfə yas yerində tarix dərsliyi müəliflərindən biri ilə rastlaşır. Müəlim qaydır ki, bəs, filan fəsili siz yazmısınız, lütfən oradan yadınızda qalan soyadları deyin, mən qeydə alım, təcili lazımdır. Müəllif güc-bəla ilə 20 soyadı çəkə bilir. 

“Dedim, evin tikilsin, sənin yazdığın fəsildə 88 soyad var və hər soyada görə bir test sualı yazırlar, sən neçə ilin alimisən, adları xatırlaya bilmirsən, bəs, millətin balaları necə yadında saxlasın? Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) testləri də uşağın biliyini yoxlamağa yönəlməyib. Sanki abiturienti yanıltmağa çalışırlar. Əsas məsələ kənarda qalır və künc-bucaqdan lazımsız faktları tapıb testə salırlar”, - deyə Əhməd müəllim  söhbətində vurğulayıb. 

Bu məsələdə Əhməd müəllim haqlıdır. Azərbaycanda ali məktəblərə qəbul testlərinin ildən ilə ağırlaşdırılması artıq adi hala çevrilib. İndi xüsusi hazırlığı olmayan orta məktəb məzunlarının ali məktəblərə girməsi çətin məsələyə çevrilib. Bu, Avropada son illərdə yaşanan trendin tam əksinədir. Məsələn, Şərqi Avropa ölkələrində test sualları ildən ilə sadələşdirilir, faktlar verilir və abiturientlərdən yalnız məntiqi nəticə çıxarmaq tələb edilir. 

Azərbaycanın təhsil sistemində son illərin başqa bir uğursuz yeniliyi isə orta məktəblərin 1-ci siniflərinə şagirdlərin imtahanla götürülməsidir. Bəzi məktəblər bu “imtahan”lara mötəbərlik görkəmi vermək naminə bu tamaşaya təhsil şöbəsinin əməkdaşını da dəvət edirlər. Təşkil etdikləri bu tamaşanın qanuni əsasının olduğunu da iddia edirlər. Araşdırmalar göstərir ki, bu “imtahanlar” çox vaxt məktəb direktorlarına uşaqların 1-ci sinfə qəbul edilməsi zamanı qanunsuz əməllərini ört-basdır etməyə imkan yaradır. 

Təhsil eksperti Nabatəli Qulamoğlu məktəb direktorlarının bu cür “imtahan” təşkil etməsini ciddi qanun pozuntusu sayır. “Əslində, qanunvericiliyə görə, birinci siniflərə müsabiqə yolu ilə şagird qəbulu yalnız elit məktəblərə şamil edilir. Ümumtəhsil məktəblərinə müsabiqə yolu ilə şagird qəbul edilməsi qanun pozuntusudur”, - deyə təhsil eksperti bildirib. 

Nabatəli Qulamoğlunun sözlərinə görə, ilk baxışdan istedadlı görünən uşaqları toplayan elit məktəblər pulludur, təhsil haqqı illik 3 min manatdan 6 min manata qədər dəyişir, bəzi məktəblərdə illik 10 min manata qədər qalxır: “Elit məktəblər özəl sektordur. Təhsil Nazirliyi bu məktəblər nəzarət etsə də, bir çox qərarları özləri qəbul edirlər. Ümumiyyətlə, elit məktəblərə gedən uşaqlar hazırlıqlı olurlar, onları ya valideynləri hazırlayır, ya da xüsusi qruplarda hazırlaşırlar, sonra 1-ci sinfə qəbul edirlər”. 

Psixoloq Vəfa Əkbər də ümumtəhsil məktəblərinin 1-ci sinfinə şagirdlərin imtahan yolu ilə qəbul edilməsini qanunsuzluq sayır. “Müəllimlər özlərini çətinə salmaq istəmirlər. İndi təhsil proqramı ağırlaşıb. Buna görə də hazırlıqlı uşaqlara dərs keçmək daha asandır. Öz işlərini valideynlərin boynuna yükləyirlər”, - deyə Vəfa Əkbər vurğulayıb. 

Onun sözlərinə görə, erkən yaşlarında məruz qaldıqları bu cür imtahanlar uşaqlarda ciddi psixoloji pozuntulara səbəb olur. “Bəzi uşaqlar müsabiqədən keçə bilmir və bu, onlarda özünə inam hissini öldürür. Həmin uşaqlar elə birinci sinifdən həyatın qara zolağına daxil olurlar. İmtahandan keçən uşaqlarda isə eqoizm hissi yaranır, başqalarını əzməkdən çəkinmirlər. Bu, imtahanlar gələcək nəsillərin yetişdirilməsində “qızıl orta”nı tutmağa imkan vermir”,- deyə Vəfa Əkbər vurğulayır. 

Bir sıra postsovet ölkələri “qızıl orta”nı köhnə sistemi nisbətən modernləşdirməklə həll ediblər və bu sahədə Rusiyanın təcrübəsi xüsusilə uğurludur. Moskva tarix dərsliyində tədris edilən az saylı faktlarla Rusiya dövlətçiliyinə sadiq gənclik yetişdirməyi qarşısına məqsəd qoyub. Əslində, bu örnək Almaniya təhsil sistemindən götürülüb. Məsələn, Almaniyada tarix dərsliyi üçün xususi standartlar var. Bu standartlara görə, şagirdlər tarixi faktları dəqiq bilməlidirlər və onu müasir tələblərə uyğun şərh edə bilməlidirlər. Standartlarda Almaniyada tarix dərslərinin dəqiq məqsədinin fəal vətəndaş mövqeyinin formalaşdırılması olduğu da qeyd edilib. 

Təhsil eksperti Nəbatəli Qulamoğlu Azərbaycan təhsil sistemində də “qızıl orta”nı tətbiq etməyi mümkün sayır. Onun fikrincə, son illərdə barəsində danışılan kurrikulum və s. kimi sistemlərin tətbiqi uğur gətirmir və müəllimlərin belə başa düşmədiyi bu yeniliklərin yaratdığı bataqlıqdan vaxtında dönmək lazımdır. Həmçinin, dərsliklərin sadələşdirilərək öyrənilən hala gətirilməsi vacibdir. “Biz də köhnə sovet dərslik sistemini kiçik modernləşdirmə yolu ilə dərslik proqramı hazırlamalıyıq”, - deyə Nəbatəli Qulamoğlu vurğulayır. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar