Bakıda Qan Donorluğu ilə bağlı futbol turniri keçirilir
06.06.2015 747 0.0 0

Bakıda Azərbaycan Kikboksinq Federasiyası və “Layf” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə “14 İyun - Ümumdünya Qan Donorları Günü” münasibəti ilə qan donorları arasında futbol turniri keçirilir.

 Məlumata görə, iyunun 12-nə qədər keçiriləcək turnirdə 16 qan donoru olan komanda -Azərbaycan Kikboksinq Federasiyası daxil olmaqla, “Bakı Metropoliteni” QSC, Diaspor Jurnalistlər Birliyi, “Murov” Ekstremal İdman Klubu, “LAYF” Xeyriyyə İctimai Birliyi və digər komandalar birincilik uğrunda mübarizə aparırlar.

Turnirin açılışında çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, yarışın məqsədi barədə məlumat verib.

Deputat bildirib ki, yarışın əsas məqsədi, könüllü qan donorluğunu və sağlam həyat tərzini təbliğ etməkdir: “Bilirsiniz ki, bu gün ölkədə talassemiyadan əziyyət çəkən insanların sayı çoxalıb. Onlara kömək etmək üçün belə qərara gəldik ki, belə bir turnir keçirək və könüllü qanvermə aksiyasını təşkil edək. Bu yarışı keçirməklə, həmin xəstələrə könüllü qan vermək məqsədilə təşkilatları bir araya toplamaq və bundan sonra könüllü qan verənlərin sayının çoxalmasına dəstək vermək əsas məqsədlərimizdən biridir. Biz bununla, talassemiyadan əziyyət çəkən vətəndaşların bundan sonra qan çatışmazlığı problemindən əziyyət çəkməsinin qarşısını qismən də olsa almaq istəyirik.”

Onun çıxışından sonra turnirin təşkilatçıları komandaları fəxri diplomlarla təltif ediblər. Bundan sonra yarışın birinci mərhələsinə start verilib və ilk komandalar birincilik uğrunda mübarizəyə başlayıblar/SalamNews/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar