Bakıda avtobuslar üçün xüsusi hərəkət zolaqlarının çəkilişinə başlanılıb
15.03.2017 750 0.0 0

Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatdan istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Bakı şəhərinin küçə və prospektlərində yalnız sərnişin avtobuslarının hərəkət etməsi üçün xüsusi hərəkət zolaqlarının çəkilməsinə başlayıb. Məlumata görə, bunu BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
 
M.Ağayevin sözlərinə görə, xətlənmə işləri ilkin mərhələdə paytaxtın 9 küçə və prospektində aparılacaq. "Artıq Füzuli küçəsində xüsusi hərəkət zolağının çəkilişinə başlanılıb. Xüsusi hərəkət zolaqları yalnız sərnişin avtobuslarının hərəkəti üçün nəzərdə tutulub. Digər nəqliyyat vasitələrinin bu hərəkət zolaqlarından istifadəsi qadağandır. Bu zolaqlarda avtomobillərin park edilməsi də qadağandır. Zolaq boyunca yerləşən yaşayış məntəqələrində yaşayan sakinlər üçün xüsusi nişanlar qoyulacaq ki, həmin yerlərdən sakinlər məhəllələrinə daxil ola biləcəklər", - deyə qurumun sözçüsü bildirib.
 
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə bildirib ki, ictimai nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı xüsusi hərəkət zolaqlarının yaradılması hərəkətin təhlükəsizliyinin təmin edilməsi baxımından vacibdir: "Bu gün paytaxtın istənilən inzibati ərazisinə aid küçə və prospektlərdə ictimai nəqliyyat vasitələrini hərəkətində yaşanan problem istər-istəməz digər avtomobil vasitələrinin sürücülərinə də maneələr yaradır. Bu kimi xüsusi hərəkət zolaqlarının yaradılması problemlərin həlli və ictimai nəqliyyat vasitələrindən istifadə edənlərin ləngimədən mənzil başına çatması deməkdir".
 
Xüsusi hərəkət zolağı ilə hərəkət edəcək digər nəqliyyat vasitələrinə tətbiq olunacaq cərimələrə gəlincə, qurum rəsmisi bildirib ki, ictimai nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı tələblər öz həllini tapdıqdan sonra bu barədə məlumat veriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar