Bakı metrosu ümumilikdə bir ildən artıq sərnişinsiz qalıb
07.01.2022 279 0.0 0

2021-ci il Azərbaycan tarixinə zəngin hadisələri ilə yanaşı, doğma Qarabağda və Şərqi Zəngəzurda nəhəng quruculuq layihələri ilə də düşüb. Əsas vəzifəsi sərnişindaşıma olan Bakı metropoliteni üçün bu mənada 2021-ci il 5 ay gec - mayın 31-də başlasa da, əlamətdar hadisələrlə zəngin olub. Nazirlər Kabinetinin 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən, Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti 19 oktyabr saat 00:00-dan dayandırılanda, onun 25 stansiyası var idi. 226 gün sonra isə yenidən sərnişinlərini qəbul edən metropolitenin stansiyaları sırasına daha biri də qoşulub. 28 May, 20 Yanvar kimi  tarixi günləri stansiyalarının adında əbədiləşdirən Bakı metropoliteni və onun zəhmətkeş kollektivi 8 Noyabr tarixini də qürurla yaşadacaq.
2021-ci il metropoliten tarixində bir çox əlamətləri ilə xüsusi yer tutmaqla yanaşı  həm də təkcə  birmənalı hisslərlə yadda qalmayacaq.
“COVID-19” koronavirusu səbəbilə qapıları sərnişinlərin üzünə bağlanan stansiyalarda, tunellərdə, yollarda, bir sözlə, hərəkətin təşkilinə aidiyyəti olan və hidrogeoloji mühitin dağıdıcı təsirinə məruz qalan sahələrin, avadanlığın, qurğu, maşın və mexanizmlərin saxlanması heç də asan başa gəlməyib. Bu məqsədlə metropolitenin əsas diqqəti və qayğısı məhz mənfi təsirlərin qarşısının alınmasına yönəldilib. Lakin xüsusi karantin rejiminin sərnişinsiz günlərində bir çox mümkün yeniliklər və layihələr də həyata keçirilib.
Bir çox sahələrdə avadanlıqların yenilənməsi, hərəkətin təhlükəsizliyinin və xidmət mədəniyyətinin yüksəldilməsi üzrə planlı işlər cədvəl üzrə davam edib. Deponun vaqon parkının yenilənməsi, təmir bazasının gücləndirilməsi, təmirin keyfiyyətinin yüksəldilməsi işləri də öz qaydası ilə aparılıb.

Ümumilikdə bir ildən artıq sərnişinsiz
2021-ci ilin sərnişindaşıma dövrü koronavirus pandemiyası ilə əlaqədar olaraq, cəmi 7 aydan ibarət olub. Pandemiya şəraitində “COVID-19” infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində tətbiq etdiyi xüsusi karantin rejiminin mövcud sanitar-epidemioloji vəziyyətə uyğun yumşaldılması planına müvafiq olaraq, stansiyaların qapıları mayın 31-də açılıb. Həmin vaxt verilmiş qərara əsasən, metropoliten futbol üzrə UEFA Avropa çempionatının Bakıda təşkil olunan final mərhələsi oyunlarının keçirildiyi istirahət günləri istisna olmaqla, sentyabrın 27-nə kimi yalnız həftəiçi 5 gün sərnişin daşıyıb. Yeni tədris mövsümünün əvvəlki illə müqayisədə daha çox əyani tədris üsulu əsasında başlaması ilə yeraltı nəqliyyat sərnişindaşıma fəaliyyətini tam formatda bərpa edib.
Ümumən qeyd olunmalıdır ki, pandemiyanın başlandığı 2020-ci ildə də metronun işinə zamanla bir sıra məhdudiyyətlər tətbiq edilib. 2020-ci il martın 29-31-də 3 gün ərzində qatarlar səhər 2 (07:00-09:00) və axşam 3  (17:00-20:00) saatlıq iş reşimi ilə, yəni qrafik üzrə nəzərdə tutulan 54 saatın əvəzinə 15 saat işləyib. Həmin il 3 dəfə sərnişindaşıma fəaliyyəti tam məhdudlaşdırılıb. Birinci dəfə aprelin 1-dən mayın 9-na kimi, ikinci dəfə iyulun 4-dən sentyabrın 14-dək sərnişin daşımayan Bakı metropoliteni həmin il sonuncu dəfə oktyabrın 16-da tam iş günü rejimində fəaliyyət göstərib. Sərnişindaşıma həyata keçirilən dövrlərdə isə iyun ayından başlayaraq, həftəsonları stansiyaların qapıları bağlı qalıb.
Beləliklə, 2020-ci ildə 198, 2021-ci ildə isə mayın 31-dək 150, daha sonra həftəsonları da nəzərə alınmaqla cəmi 179 gün sərnişin daşınmayıb. Ümumən, pandemiya dövründə Bakı metropoliteni 377 gün sərnişindaşıma prosesindən kənar qalıb.
2021-ci ilin yekunlarına gəldikdə, bu müddətdə daşınan sərnişinlərin sayı, 2022-ci il yanvarın 1-i səhər saat 06:00-a qədər olan məlumata əsasən, 90 milyon 232 min 427 (bunun 87 milyon 181 min 452 nəfəri ödənişli olmaqla)  təşkil edib. Metropoliten sərnişindaşıma fəaliyyəti göstərdiyi 186 gün ərzində orta statistik hesabla gün ərzində 485 min 121 (468 min 717 ödənişli olmaqla) sərnişin daşıyıb. Ümumən, 2021-ci ilin bütün günləri nəzərə alınarsa, orta statistik gündəlik sərnişindaşıma 247 min 212 (238 min 853 ödənişli olmaqla) sərnişin təşkil edib.
Müqayisə üçün qeyd edək ki, metropoliten pandemiyadan əvvəlki sonuncu il – 2019-cu il ərzində 236 milyon 681 min 650 (o cümlədən 229 milyon 724 min 538 ödənişli) sərnişin daşıyıb. Bu isə orta gündəlik 648 min 443 (o cümlədən 629 min 382 ödənişli) sərnişin deməkdir.

Pandemiya qaydaları ilə xidmətin təşkili
Sərnişindaşıma fəaliyyəti bərpa ediləndən əks-epidemik tədbirlər çərçivəsində stansiyaların və qatarların sanitar-gigiyena tələblərinə cavab verməsi, ələlxüsus dezinfeksiya işlərinin aparılması təşkil edilib. Bu tədbirlər müxtəlif sahələr tərəfindən birgə və ayrı-ayrılıqda ciddi nəzarətdə saxlanılıb.
“İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxılması və sosial məsafə gözlənilməsi ilə bağlı profilaktik tədbirlər, o cümlədən maarifləndirici tədbirlər müntəzəm olaraq aparılıb. Bu mənada metropoliten strukturları, eləcə də Bakı Metropolitenində Polis Şöbəsi ilə əməkdaşlıq çərçivəsində çoxşaxəli fəaliyyət təmin edilib.
Stansiyaların girişlərində tibbi maskadan düzgün istifadə edilməsinə nəzarət təmin edilib. Stansiya və qatarlarda audio, vizual, statik, habelə rabitə vasitələri və səsucaldanlarla məlumatlandırma üsullarından istifadə olunub, oturacaqlara, döşəmə və divarlara məlumatlandırıcı işarələr  yapışdırılıb, zəruri məkanlarda maarifləndirici lövhələr yerləşdirilib.
Dezinfeksiya işləri əsaslı və cari olmaqla iki istiqamətdə aparılıb və hazırda da davam etdirilir. Əsaslı dezinfeksiya tədbirləri sərnişin daşınmadığı vaxtlarda təmin olunur. Stansiya və qatarların əsaslı dezinfeksiyası müəyyən edilmiş qrafik üzrə təşkil edilir. Bu məqsədlə, Bakı metropoliteninin xüsusiyyətləri nəzərə alınmaqla, seçilmiş geniş spektrli maddədən istifadə olunur.
Cari dezinfeksiya stansiyaların əllə təmas olunan bütün səthlərində gün ərzində 6 dəfədən az olmamaq şərtilə tətbiq edilir. Qatarlar texniki baxış, qulluq və xidmət üçün xətdən çıxarıldıqda depoda müvafiq sanitar-gigiyenik təmizləmə işlərinə cəlb edilir.
Qapalı məkanlarda, o cümlədən stansiyalarda çalışan metropoliten işçilərinin tibbi maskadan istifadə etmələri davamlı yoxlanılıb, dezinfeksiya işlərinin aparılması təşkil edilib, bütün sahə və bölmələrin dezinfeksiyaedici maddələr, maskalarla təmin edilməsinə xüsusi diqqət yetirilib. Sahələr hər biri 5 litr olmaqla ümumilikdə 475 ədəd əl dezinfeksiyaedicisi, 498 dezinfeksiyaedici sprey, 159 qutu tibbi əlcək və 8454 tibbi maska ilə təmin edilib.
Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsi bütün istiqamətlər üzrə tədbirləri müntəzəm yerinə yetirib. Bu xüsusda bütün müvafiq strukturlar və bölmələr xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilib. Bədbəxt hadisələrin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər geniş miqyasda keçirilib, zərərli əmək şəraitində çalışan işçilər ümumilikdə 45 min 969  litr südlə təmin ediliblər. 1167 planlı müntəzəm yoxlama ilə yanaşı, 58 qəfil reyd keçirilib və məqsəd sahələrdə əmək şəraiti, sanitar-gigiyenik və digər mövcud qaydalara riayət edilməsini diqqətdə saxlamaq olub.
Müəssisədə işçilərin 96.36 %-i hər iki doza üzrə “COVID-19” əleyhinə peyvənd olunub. 
Hər il olduğu kimi, bütün təsərrüfat sahələrində, stansiyalarda qışa hazırlıq  tədbirləri planlı şəkildə yerinə yetirilib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar