Bakı dollardan imtinaya başladı (FOTO)
04.07.2015 1979 0.0 0

"Dövlət Neft Fondunun (ARDNF) Çin yuanı ilə investisiyalara başlamasında elə bir ciddi risk yoxdur". Məlumata görə, bu fikri iqtisadçı alim, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov ARDNF-in Çin yuanı ilə ilk investisiyalara başlaması xəbərini şərh edərkən bildirib. 

Dövlət Neft Fondu bu addımını investisiya portfelinin valyuta səbətinin yüksək diversifikasiyanın təmin edilməsi istiqamətində növbəti mərhələ kimi dəyərləndirib. Fonddan yayılan məlumatda deyilir ki, ARDNF bu məqsədlə 2014-cü ildə Çinin Mərkəzi Bankından 3 milyard Çin yuanı həcmində investisiya üçün müvafiq lisenziya alıb. Yəni indiki məzənnə ilə söhbət 485 milyon dollarlıq yuan sərmayəsindən gedir. Bu il ARDNF-in xərcləri təxminən 9,6 milyard dollar səviyyəsində müəyyən edilib. Yəni bu ilki xərclərin təxminən 5%-dən söhbət gedir. 

“Çin yuanı son illərdə ən möhkəm valyutalardan biri sayılır. Çünki ABŞ dollarına nisbətdə yuanın məzənnəsinin möhkəmlənməsi müşahidə edilir. Son iki ildə yuanın məzənnəsində heç bir ciddi dəyişiklik yoxdur. Son 10 ildə Çində orta illik artım 5%-dən çox olub. Çin iqtisadiyyatının yüksəlməsi bu ölkəyə daxil olan xarici valyutanın ildən ilə artmasına səbəb olur. Bu isə yuana müsbət təzyiq göstərir və yuanın sabitləşməsi baş verir",- deyə Vüqar Bayramov  vurğulayıb.


 

Əslində, ARDNF dünyada müşahidə edilən yeni trendə uyğun addım atıb. İstər Rusiyada, istərsə də Amerikada analitiklər yuanın dayanıqlı artımına xüsusi diqqət yetirirlər. Rusiyanın iri broker şirkətlərindən biri “Broco”nun analitika bölməsinin rəhbəri Aleksey Matrosovun fikrincə, yuanın regional Asiya valyutası olmaq üçün əlverişli perspektivləri var. 

“Təbii ki, bu da yuanın sabitliyini dəstəkləyəcək. Artıq 2016-2017-ci illərdə yuan vətəndaşların əmanətlərində dollara və avroya real alternativ ola bilər”, - deyə Aleksey Matrosov proqnozlaşdırır.

Amma bütün bunlar məsələnin ilk görünən tərəfidir. Əslində isə sosialist iqtisadiyyatı ilə vəhşi kapitalizmin çox qəribə qarışığı olan Çin iqtisadiyyatının çox gözlənilməz riskləri var. Çox vaxt Çinin iri şirkətlərinin biznes uğurlarını nümayiş etdirən rəqəmlərin arxasında iri korrupsiya əməliyyatları və ya qul əməyinin istismarı durur. Çinin iri şirkətlərinin xeylisi regional partiya boslarına bağlıdır və ölkə vətəndaşları həmin müəssisələrdə ayda 30-40 dollara, ən yaxşı halda 70-80 dollara işləməyə məcbur edilir. İstənilən siyasi qərar həmin müəssisələri darmadağın edə bilər. 

 

Yaxud bəzi şirkətlər dövlət vəsaitləri əsasında iri tikinti layihələri həyata keçirirlər. Mənimsənilən vəsaitlərin ört-basdır edilməsi üçünsə qiymətlər on dəfələrlə şişirdilir. Məsələn, Çinin Daxili Monqolustan bölgəsində səhranın ortasında 2001-ci ildə salınmış Ordos şəhərində mənzilin kvadratmetri 2500 dollardan rəsmiləşdirilib. Halbuki, həmin regionda mənzillərin kvadratmetri 200 dollardan baha başa gəlmir. Real qiymətlər isə daha ucuzdur. Bu səbəbdəndir ki, 1 milyon insan üçün nəzərdə tutulmuş şəhər 15 ilə yaxındır ki boşdur./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar