Bəşəriyyətin bəlası «ağ ölüm»
26.06.2015 672 0.0 0

 

Cəmiyyətdə “ağ ölüm” kimi qəbul edilən, bəşər övladının baş bəlasına çevrilən, əhalinin, daha doğrusu, gənc nəslin bir qismində sonsuz maraq doğuran, aslılıq yaradan, müalicəsi olduqca çətin və uzun müddət tələb edən,  insan  cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran  narkotik vasitələr, onların qanunsuz dövriyyəsi, istifadəsi, satışı, ümumiyyətlə, narkomanlıq ən ağrılı problemlərdən, qorxulu vərdişlərdən biridir.

  Narkomaniyanın nə qədər bəlalı bir vərdiş olasını isbat etmək üçün ilk öncayə bu sözün  hərfi mənasına diqqət etmək kifayətdir.  "Narkomaniya yunan sözü olub “Narko” donub qalmaq, “maniya” psixi pozğunluq deməkdir. Adından məlum olduğu kimi, bu xəstəlik cəmiyyət üçün çox qorxulu, təhlükəli, insanda sonsuz problemlər yaradan, onu lazımsız və keyfiyyətsiz bir məxluqa çevirən xəstəlikdir. Narkotikdən asılılıq ağır xəstəliyə -narkomaniyaya gətirib çıxarır. Narkotik maddələr insan sağlamlığına bərpaedilməz ziyan vurur, fiziki qüvvələri tükəndirir, bədənin çəkisini birdən-birə azaldır, ümumi zəhərlənmə baş verir və beləliklə də keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni iynədən istifadə edildiyindən narkomanlar arasında bir çox xəstəliklərə tutulan insanlar çoxdur.

   Bütün dünyada bununla bağlı heç də asan olmayan mübarizə getsə də, insanlıq üçün böyük bəla olan narkomaniya hələ də yayılmaqda davam edir. Bu gün dünyada narkomaniyanın gəncləşməsi prosesi gedir. Narkotik maddə alverçiləri uşaqların çox olduğu yerlərdə olur, onlara həmin məhsulları təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar.

   

    Bildirək ki, hazırda müstəqil Azərbaycan Respublikası narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri hesab edərək bu istiqamətdə qəti işlər görür.

   Məhz buna görə də respublikamız narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni tənzimləyən, beynəlxalq hüquq normalarını tam və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmuş və bu cinayətlərə qarşı mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür.

   Xatırladaq ki, Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanı və digər qanunlar, fərmanlar, normativ-hüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirir.Narkomanlığa qarşı mübarizədə səmərəliliyə nail olmaq üçün aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə yaradılmış Dövlət Komissiyası və ölkə Prezidentinin 2007-ci il 28 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş, 2007-2012-ci illəri əhatə edən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə qarşı, narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkilinə xüsusi təkan vermişdir. Eləcə də Prezident İlham Əliyevin 2005-ci il 28 iyun tarixli Fərmanı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir.Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 saylı Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.

 Bildirək ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının  icrası və o cümlədən “26 iyun - BMT-nin Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar görülən  işlərin davamı olaraq narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə hazırlanmış sosial rolikin 20 iyun tarixindən (7 gün ərzində) başlayaraq Bakı şəhərinin mərkəzi küçələrində  yerləşən reklam tablolarında işıqlandırılır.

  Narkomanlığın ziyanı ilə bağlı məlumatları özündə əks etdirən sosial rolikin yayımlandığı ünvanlar:

   1.            R.Behbudov küçəsi ilə Ü.Hacıbəyov küçəsi kəsişməsi

   2.            R.Behbudov küçəsi ilə Bakıxanov küçəsi kəsişməsi

   3.            R.Behbudov küçəsi, XDU-nin qarşısı

   4.            Bakıxanov küçəsi ilə C.Memmedquluzade küçəsi kəsişməsi

   5.            İnşaatçılar prospekti, MSİ-nin qarşısı

   6.            Y.Səfərov küçəsi ilə Neftçilər prospekti kəsişməsi

   7.            Y.Səfərov küçəsi ilə A.Quliyev küçəsi kəsişməsi

   8.            28 may küçəsi ilə Puşkin küçəsi kəsişməsi

   9.            Y. Səfərov küçəsi ilə Ü.Hacıbəyov küçəsi kəsişməsi

  10.             Ü.Hacıbəyov küçəsi ilə Azadlıq prospekti kəsişməsi

  11.             S.Vurğun küçəsi

  12.             Qubanov küçəsi ilə S.Əsgərova küçəsi kəsişməsi

  13.             Fəvvarələr meydanı

  14.             Tbilisi prospekti ile H.Əliyev küçəsi kəsişməsi

  15.             S.Vurğun küçəsi ilə Bakıxanov küçəsi kəsişməsi

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar