Azərbaycanlılara hücumla bağlı istintaq başladı
25.08.2015 795 0.0 0

Bavariyadakı qaçqın düşərgəsində baş verən yanğınla bağlı 40 nəfərlik istintaq qrupu araşdırma aparır.

Məlumata görə, Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində yanğın hadisəsi faktı ilə bağlı araşdırma qəsdən yanğın törətmə ehtimalı üzərində aparılır. Bu barədə Azərbaycanın Almaniyadakı Səfirliyindən məlumat verilib.

Səfirliyin Oberpfalts Baş Polis İdarəsindən əldə etdiyi məlumata əsasən, 40 nəfərdən ibarət xüsusi istintaq qrupu məsələnin araşdırılmasını həyata keçirir: "Amma hələ ki, şübhəli şəxs qismində heç kəs aşkar olunmayıb. Hal-hazırda şahidlərin dindirilməsi davam etdirilir".

Azərbaycan Respublikasının AFR-dəki Səfirliyi AFR-in hüquq-mühafizə orqanları ilə müntəzəm əlaqə saxlayaraq, hadisənin araşdırılmasını diqqətdə saxlayır.

Avqustun 21-də Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində yanğın hadisəsi baş verib. Rayonun polis nümayəndəsinin bildirdiyinə görə, naməlum şəxslər Azərbaycandan olan 19 qaçqının, o cümlədən 3 azyaşlının yerləşdirildiyi sığınacağa od vurub.

Qaçqın sığınacağı şəhərdəki keçmiş restoran binasında yerləşir. Yanğın barədə xəbərdarlıq yerli vaxtla saat 03:20-də daxil olub. Yanğın binanın birinci mərtəbəsində başlayıb və yanğınsöndürənlər gələndə artıq mebellər yanıbmış.

Yanğınsöndürənlər yanğını tez nəzarət altına ala biliblər və sığınacaqda məskunlaşanlardan heç kim zərər çəkməyib./anspress/

 

 


Bavariyada yerləşən düşərgə


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar