Azərbaycandan ABŞ-a etiraz
14.02.2015 1035 0.0 0

"Bu gün ABŞ-da güclü erməni lobbisi mövcuddur. Biz ABŞ-ı ATƏT-in Minsk qrupunun həmsədri kimi qəbul edəndə səhvə yol vermişik". 

ANS PRESS-in Trend-ə istinadla verdiyi məlumata görə, bunu Milli Məclisdə "Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində" mövzusunda keçirilən dinləmələrdə çıxışı zamanı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Q.Həsənquliyev bildirib ki, ABŞ qondarma “Dağlıq Qarabağ respublikası”na Azərbaycandan üç dəfə çox yardım edib: "Bu yaxınlarda ABŞ-da irqçilik əleyhinə yürüşlər keçirilərkən Barak Obama dedi ki, bu bir mentalitet məsələsidir. Başqa ölkələrə gəldikdə isə mentalitet nəzərə alınmır. Bu da onu göstərir ki, ikili standartlar hökm sürür".

Politoloq Elman Nəsirov isə çıxışında deyib ki, Azərbaycan ABŞ-a strateji tərəfdaş kimi baxır. O bildirib ki, Azərbaycan 11 sentyabrdan sonra Əfqanıstanla bağlı məsələlərdə ABŞ-ın yanında oldu və digər məsələlərdə onu dəstəklədi: “Lakin bu, birtərəfli olmamalıdır. Qarşı tərəfdən də gözləntilər var. Niyə görə ABŞ-dan baş verən hadisələrlə bağlı ölkəmiz haqqında layiqli cavab gəlmir? Xüsusilə də Qarabağ məsələsində bizə dəstək göstərmirlər. ABŞ yeganə dövlətdir ki, qondarma "Dağlıq Qarabağ respublikası"na maliyyə dəstəyi göstərir. Ermənistan mətbuatı yazır ki, ABŞ qondarma "Dağlıq Qarabağ respublikası"na 2 milyard maliyyə vəsaiti ayırıb. Bu qondarma rejimin ABŞ-da nümayəndəlikləri açılıb. Düşünürəm ki, bir gün qondarma "Luqansk respublikası" da ABŞ-a müraciət edəcək ki, bizim də orada nümayəndəliyimiz açılsın. Azərbaycan ABŞ-ı strateji tərəfdaş kimi tanıyır, lakin onun 5 ştatı qondarma respublikanı tanıyır. Bu, ABŞ-ın imicinə də zərərdir. Düşünürəm ki, Birləşmiş Ştatların Azərbaycanla bağlı yürütdüyü siyasətdə dəyişiklik olmasa, baş verəcək hadisələrə görə bütün məsuliyyət ABŞ-ın üzərinə düşür. Ən əsası isə 907-ci maddə ləğv olunmayıb. İşğala məruz qalan da biz, günahkar da biz? Bütün bunların hamısı təəssüf ki, var və reallıqdır. Çox istərdim ki, ABŞ-ın bu siyasəti məqsədyönlü və planlı olmasın".

Millət vəkili Çingiz Qənizadə isə "niyə Qərb və ABŞ Azərbaycana münasibətdə ikili standart, ikili mövqe irəli sürür" deyə sual edib: “Onların separatçı rejimlərə münasibəti göstərir ki, həqiqət belədir. Yaxın bir ay ərzində ABŞ-da Azərbaycanla bağlı iki dinləmə keçirilib. Nə baş verir ki, bir ayda belə iki dinləmə keçirməyə vaxt tapılır və insanlar ora dəvət olunur? Bu dinləmələrdə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müəyyən iradlar irəli sürülür. Bu tədbirlərin nə qədər obyektiv olduğunu görmək üçün tədbir iştirakçılarına nəzər yetirmək kifayət edir".

O, qeyd edib ki, bu tədbirlərdə ermənipərəst qüvvələr, erməni lobbisinin nümayəndələri və Azərbaycanda radikal müxalifətə meyilli və onlara bağlı qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən adamlar iştirak edir: "Bir Azərbaycan vətəndaşı kimi qəbul etmədiyim məqam odur ki, bizim bu təmsilçilərimiz hətta separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən qüvvələrlə bir masa arxasında necə otururlar? Əgər həmin qüvvələr Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etmirsə, onlarla bir masa arxasında oturmağa dəyməz. Ancaq təəssüf ki, bizim bəzi vətəndaşlarımız öz mənafeləri naminə bu məqamı arxa plana keçirirlər. Azərbaycan müstəqilik əldə etdikdən sonra ölkəmizin milli maraqları hər şeydən önə çəkilib. Azərbaycan milli maraqlardan bir addım kənara çəkilməyən siyasət yürütdüyü üçün bəzi dövlətlər ölkəmizə təzyiqi bu ikili standartlarda görürlər".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar