Azərbaycanda prezident seçkilərində səsvermə başlayıb
11.04.2018 299 0.0 0

Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində səsvermə başlayıb.

 

Məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında seçkilərə hazırlıq prosesi barədə məlumat verib, hazırlığın yüksək səviyyədə aparıldığını bildirib.

 

MSK sədri seçki prosesinin Seçki Məcəlləsinə uyğun keçməsi üçün MSK-nın bütün lazımi tədbirləri gördüyünü nəzərə çatdırıb.

Sonra MSK sədri səsvermənin başlandığını elan edib.

 

Dövlət himninin səslənməsi ilə səsverməyə start verilib.

 

Seçkilərdə 8 namizəd iştirak edir. Bunlar hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

 

Dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən, xaricdəki seçicilər də daxil olmaqla, Azərbaycanda 5 milyon 309 min 434 seçici var. Seçicilərin 50,78 faizi qadın, 49,22 faizi kişidir. Azərbaycanın 32 ölkədə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarında 41 məntəqədə seçki məntəqəsi yaradılıb.

 

Mərkəzi Seçki Komissiyası səsvermənin gedişi ilə bağlı gün ərzində 5 dəfə - 10.00, 12.00, 15.00, 17.00, 19.00-da ilkin məlumatlar yayacaq.

 

Səsvermə saat 19.00-da başa çatacaq. Bundan sonra səslərin sayılmasına başlanacaq.

 

Seçkiləri izləmək üçün 894 beynəlxalq, 58 min 175 yerli müşahidəçi akkreditə olunub. ATƏT Parlament Assmableyası, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi də daxil olmaqla 60 təşkilat, eləcə də 59 ölkədən beynəlxalq müşahidə missiyaları seçki prosesini izləyəcək.

 

Səsvermə prosesi 119 Seçki Dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izləniləcək. 

 

“Els" Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə prezident seçkilərində "exit-poll" keçirəcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar