Azərbaycanda ixtiraçılıq müsabiqəsi keçirilir
22.02.2017 584 0.0 0

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi məqsədilə perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsi elan edib.

Komitədən Trend-ə verilən məlumata görə, müsabiqə 2016-cı ildə dövlət qeydiyyatına alınan ixtira patentləri arasında “İlin Patenti” nominasiyası üzrə qalibi müəyyən etmək məqsədilə keçirilir.

Müsabiqəyə Azərbaycanın hüquqi və fiziki şəxslərinə məxsus olan və 2016-cı ildə Avrasiya Patent İdarəsində qeydiyyata alınan Avrasiya patentləri də təqdim oluna bilər.

Müsabiqə komissiyası tərəfindən müsabiqənin nəticəsindən asılı olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblərə müvafiq diplom və mükafatlar təqdim olunacaq. Müsabiqədə iştirak etmək istəyən fiziki və hüquqi şəxslər aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur:
Təqdim olunan sənədlərin siyahısını özündə əks etdirən ərizə-təqdimat. Ərizə patent sahibi və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır;
Patentin əsli ilə birlikdə surəti;
Patentə məxsus ixtiranın bütün materialları (ixtiranın təsviri, düstüru, referatı, texnoloji sistemi, cizgiləri və s.);
Mümkün istifadə sahəsi göstərilməklə əhəmiyyəti, ixtiranın səmərəsi haqqında əsaslandırılmış məlumatlar;
Patent sahibi tərəfindən verilən səlahiyyəti təsdiqləyən etibarnamə (zərurət olduqda);
Patentlə bağlı patent sahibi tərəfindən zəruri sayılan digər sənədlər.

Müsabiqədə iştirak etmək istəyən səxslər sənədləri 7 Aprel 2017-ci il tarixinə kimi həftənin I - V günləri saat 14.30-dan 17.30-dək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinə (AzPatent) (AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 53; Xarici İşlər Nazirliyinin arxa tərəfindəki hündürmərtəbəli bina) təqdim edə bilərlər.

Məlumat üçün bildirək ki, müsabiqə Azərbaycan Prezidentinin 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nın 4.11-ci bəndinə uyğun olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tədbirlər planına daxil edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar