Tarix: 10.12.2016,   Saat: 08:59, Şənbə.          

Azərbaycanda 85 dövlət müəssisəsi və obyekt satışa çıxarılıb

 Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 11 oktyabr tarixində keçiriləcək yeni hərrac elan edilib. Komitədən “APA-Economics”ə verilən xəbərə görə, bu dəfəki hərraca 85 dövlət müəssisə və obyekti çıxarılıb.
 
Hərraca çıxarılan dövlət əmlaklarının 30-u özəlləşdirmə prosesi çərçivəsində yaradılmış kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Bunlar Bakı, Gəncə, Sumqayıt şəhərləri, habelə Salyan, Ucar, Beyləqan, Ağdaş, Yevlax və digər rayonlarda yerləşən səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri kəndkimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, dəmir beton, sənaye, emal və digər sahələri əhatə edir.   
 
Bundan əlavə 11 oktyabr tarixində keçiriləcək hərraca 30 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Bu obyektlər sırasında Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən qeyri-yaşayış sahələri, habelə ictimai iaşə və ticarət müəssisələri vardır. Eyni zamanda, hərraca çıxarılan dövlət obyektlərinin siyahısında 25 ədəd nəqliyyat vasitəsi də yer alıb.
 
Qeyd edilməlidir ki, komitənin özəlləşdirmə portalı, habelə rəsmi internet saytı vasitəsi ilə satışa çıxarılan əmlaklar barədə ətraflı məlumat əldə edərək istənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirak etmək üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regionla bölmələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəyərək iştirakçı hüququnu əldə etmək kifayətdir.
 
Hərraca çıxarılan daşınmaz dövlət əmlaklarının iqtisadi göstəriciləri barədə məlumatlar, mövcud vəziyyətini əks etdirən foto materiallar, yerləşmə mövqelərini göstərən xəritələr (google map) privatization.az saytında yerləşdirilir. Hərraca çıxarılan hər bir səhmdar cəmiyyəti barədə ətraflı məlumatla http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/mue-ssis-l-r/uemumi-siyah linkdə tanış olmaq olar. Hərracda iştirak etmək istəyən vətəndaş kiçik dövlət müəssisə və obyektləri barədə ətraflı məlumatı http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/kidzhik-doevlaet-muaessisae-vae-obyektlaeri linkdən ala bilər.
 
Bununla yanaşı, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbu orqanı olan «Mülkiyyət» qəzetində də dərc edilir.
 
Hərrac prosesi ilə tanış olmaq istəyən hər bir vətəndaş “açıq hərrac”larda iştirak edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.



  Bölmə: İqtisadi | Baxış sayı: 268 | Tarix: 12.09.2016, 12:41


Xəbərlər