Azərbaycana sığınan ermənin açdığı sirr (VİDEO)
19.09.2015 1707 0.0 0

Ermənistanda baş verən hərc-mərclikdən can qutararaq Azərbaycana sığınan Vaan Martirosyan bu gün ailəsilə birlikdə jurnalistlərə açıqlamalar verdi. Ermənistanlı müxalifət lideri ölkəsində yaşanan gərginlikdən danışdı. Hətta əgər Dağlıq Qarabağda referendum keçirilərsə, erməni xalqının Azərbaycana birləşməyə səs verəcəyini söyləyib.

ANS TV-nin məlumatına görə, Azərbaycandan sığınacaq alan Ermənistanın “Milli Azadlıq Hərəkatı”nın lideri Vaan Martirosyan həyat yoldaşı Karina və övladı ilə bu gün media qarşısına çıxaraq bir çox mətləblərə toxundu.

Ölkəsindəki siyasi durum, Dağlıq Qarabağda vəziyyət, onu Azərbaycandan sığınacaq istəməyə vadar edən səbəblərdən danışdı. O, söyləyib ki, Ermənistan prezidenti Serj Sarkisyanın fraksiya daxil olan deputatlardan birinin təzyiqlərinə məruz qalıb, özü ailəsi döyülüb, həyat yoldaşı Karina bətnindəki uşağını itirib. Uzun müddət davam edən təhdidlərdən sonra rüşvət verib tez bir zamanda xarici pasport düzəltdirərək Tbilisiyə gəlib, ordan azərbaycanlı hüquq müdafiəçilərinin köməkliyi ilə Azərbaycana keçib. 

 

Vahan Martirosyan, həyat yoldaşı Karina Qasparyan və oğulları Bakıda mətbuat konfransında 

 

İndi Martirosyan Ermənistanda qalan qohumlarının həyatının təhlükədə olmasından narahatdır:

“Mən BMT-nin və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinə müraciət edirəm. Anam, qardaşım İrəvanda qalıb. Onların həyatı təhlükədədir. Xahiş edirəm ki, vəziyyətə müdaxilə edin. Ora ilə hansısa vasitə ilə əlaqə saxlayın. Mən sığınacaq alandan sonra Ermənistan təhlükəsizlik orqanlarının qohumlarımla necə davranacağından narahatam”.

Martirosyan söylədi ki, Sarkisyanın qardaşları reketliklə məşğuldur. Onlar ölkəni talan edirlər, hakimiyyətin əli qana bulaşıb. Qarabağdakı kriminal rejim narkotik, silah, insan alveri ilə məşğuldurlar. Sərhədlər əgər açılsa, Avropaya qaçan mühacirlər kimi əksər Ermənistan vətəndaşları Azərbaycana keçmək istəyəcək. Çünki ölkəsində sosial durum Afrikadan da aşağı səviyyədədir:

“Bir erməni kimi deyirəm - bu dəqiqə Ermənistan ordusu o vəziyyətdədir ki, nəinki Azərbaycan ordusuna qarşılıq verə bilər, heç ən zəif 3-cü dərəcəli Afrika ölkəsinin ordusu qarşısında davam gətirə bilməz. 18 yaşında oğlanların 90 faizində vətənpərvərlik hissi yoxdu, ordudan yayınırlar. Təmas xəttindəki hərbi hissələrdə çox sayda qeyri-hərbçilərin, muzdluların ölüm faktları qeydə alınır. Hamı bilir ki, müharibə olsa, bu Ermənistan üçün necə sonluq olacaq”.

Üçüncü ölkəyə keçmək arzusunun olub-olmaması barədə konkret fikir söyləmədi. Vaan Bakını gəzmək imkanı da, suvenir dükanından alış-veriş də edə bilib. O hələ ki, Azərbaycanda qalmasından məmnun görünür. Bunu zaman göstərəcək. Çünki ondan əvvəl Gevorkyanlar ailəsi də Azərbaycandan sığınacaq almış, daha sonra ölkəsinə qayıtdıqda Azərbaycanla bağlı xoşagəlməz fikirlər söyləmiş, guya onlara zorakılıq edilməsi, ac saxlanılmasını iddiası irəli sürmüşdü.

Vaanın müxalifət nümayəndəsi kimi təzyiqlərə məruz qalmasına gəlincə, Sarkisyan hakimiyyətinin müxaliflərə necə divan tutması, öldürülməsi, işgəcələrə məruz qoyması bir faktdır. Vaan da onlardan biri olub. Onu qəbul etməklə Azərbaycan bir daha tolerant ölkə olduğunu ortaya qoydu, necə ki, Bakıda 30 mindən artıq erməni yaşayır. Martirosyana da eyni şəraiti yaratmağa hazırdır. 

Elə Dağlıq Qarabağda yaşayan ermənilərə də qucaq açıla bilər. Erməni mühacirin təbiri ilə desək, Dağlıq Qarabağda referendum keçirilsə, ermənilər Azərbaycana birləşməyə səs verəcək./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar