Azərbaycan və Türkiyə Naxçıvanda güc nümayiş etdirdi
15.05.2015 924 0.0 0

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb.
Qazeta.info M
üdafiə Nazirliyinə istinadla bildirir ki, mayın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar birgə taktiki təlimi izləyiblər.
Təlimdə 1000-dən artıq şəxsi heyət, 150-dən artıq döyüş və digər texnika, 50-ə yaxın artilleriya və reaktiv qurğu, 4 atəş dəstək vertolyotu, 6 ədəd zenit-raket qurğusu iştirak edib. Təlimlərin keçirilməsində əsas məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Üç mərhələdə keçirilən təlimlərdə bölmələr tərəfindən qarşılıqlı uzlaşma şəraitində müxtəlif döyüş tapşırıqları praktiki şəkildə icra olunub. 

 


Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra təlimdə iştirak edən şəxsi heyətlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qardaş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrini, əsgər və zabitləri, eləcə də tədbir iştirakçılarını Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik edib. 
Ali Məclisin Sədri işğalçı erməni ordusu ilə üz-üzə dayanan Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrin yeni standartlar əsasında formalaşdırılmasında Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin təmənnasız köməyini xüsusi qeyd edib, qardaş Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə dərin hörmət və ehtiramını bildirib
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək bildirib ki, "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasının da müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Hazırda Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu yüksək döyüş qabiliyyətinə malikdir. Bugünkü birgə təlimlər bir daha sübut etdi ki, Naxçıvandakı hərbi birləşmələrin döyüş hazırlığı yüksək səviyyədədir və şəxsi heyət istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir". Zakir Həsənov təlimdə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə şəxsi heyəti təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar isə öz növbəsində qeyd edib ki, "Birgə hərbi təlimlərin uğurla yerinə yetirilməsi dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin silahlı qüvvələrinin güc birliyinin göstəricisidir. Təlimləri izləyərkən bir daha əmin olduq ki, istər Azərbaycan Respublikasının, istərsə də Türkiyə Respublikasının silahlı qüvvələrinin bugünkü döyüş hazırlığı yüksək səviyyədədir. Hər iki silahlı qüvvələrin şəxsi heyəti verilən döyüş tapşırıqlarını peşəkarlıqla yerinə yetirməklə, eyni zamanda, iki ordu arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu nümayiş etdirdilər." Ümit Dündar birgə hərbi təlimlərin təşkilində və yerinə yetirilməsində əməyi olanlara minnətdarlıq edib, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə əməkdaşlığını bundan sonra da davam etdirəcəyini bildirib.
Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar hərbi təlimdə iştirak edən şəxsi heyətlə xatirə şəkli çəkdiriblər.

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar