Azərbaycan üçün yeni ehtiyat valyutası
06.03.2016 1352 0.0 0


Beynəlxalq Valyuta Fondu (BVF) rəsmi olaraq Çin yuanını beynəlxalq rezerv valyutası kimi qəbul edib.

Məlumata görə, bu barədə Fondun mətbuat xidməti tərəfindən yayılmış açıqlamada bildirilib. Məlumata görə, ABŞ dolları, avro, Yaponiya ieni və Britaniya funt sterlinqi ilə yanaşı yuan da BVF-nin rezerv valyutalar səbətinə daxil edilir. BVF mətbuat xidməti bildirib ki, qərar 2016-cı il fevralın 1-dən qüvvəyə minir.

BAF-dən verilən açıqlamaya görə, hesabatda yuanın nəzərə alınması o deməkdir ki, təşkilatın üzvü olan ölkələr yuana denominasiya edilmiş xarici aktivlərini tədiyyə balansının maliyyə ehtiyacı üçün sərbəst rəsmi rezervlər kimi uçota ala bilərlər.

Beləliklə, əksər dünya ölkələri, eləcə də Azərbaycan öz valyuta rezervlərini idarə etmək üçün yeni valyuta imkanı qazanırlar. Bu, ölkələrə yuanla denominasiya edilmiş dövlət və korporativ istiqrazları buraxmaq, yəni dövlət büdcəsinin maliyyələşməsi üçün yuanla vəsaitlər cəlb etmək imkanı yaradacaq. Bu məsələ artıq Rusiyanın marağına səbəb olub. Qərbin maliyyə imkanlarından məhrum olan Rusiya Çindən vəsaitlər cəlb etmək niyyətinə düşüb. Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, hazırda Şanxay və Moskva birjalarında Rusiyanın yuanda nominasiya edilmiş dövlət və korporativ istiqrazların yerləşdirilməsi məsələsi müzakirə edilir.

Azərbaycana gəldikdə isə, Çin yuanı barədə planlar hələ ki,  Dövlət Neft Fondunun Çinə investisiyaları ilə məhdudlaşır. 2014-cü ildə ARDNF Çin Mərkəzi Bankından 3 milyard yuan, yəni indiki məzənnə ilə təxminən 460 milyon dollar səviyyəsində sərmayə üçün lisenziya alıb. 2015-ci ilin iyul ayından başlayaraq ARDNF Çində investisiyalara başlayıb. 

 

Son bir neçə il üzrə dolların məzənnəsinin Çin yuanına nisbətən dəyişməsi

 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban  müsahibəsində ARDNF-in Çinə investisiyalarının elə də böyük olmadığını deyir: "Bu sərmayələr 480 milyon yuan (73 milyon dollar - red.) təşkil edir. Ümumiyyətlə, ARDNF-in ümumi çantasında Çin yuanın payı çox aşağıdır. Ümumi çantanın 55%-i dolların, 35%-i avronun, 5%-i funt-starlinqin payına düşür. Çin yuanı, Rusiya rublu, Türkiyə lirəsi, Avstraliya dolları və  Vyetnam donqunda olan aktivlər isə toplam 5% təşkil edir. Düşünürəm ki, Çin yuanı ilə olan aktivləri bundan artırmağa dəyməz. Çinin iqtisadi göstəriciləri elə də ciddi ümidlər yaratmır".

Əslində, Çinin makroiqtisadi göstəriciləri də bu fikri təsdiqləyir. Məsələ bundadır ki, ARDNF yuanla sərmayələr barədə qərarı 2014-cü ildə verib ki, onda yuan ən yüksək səviyyəsində idi və 1 dollar təxminən 6 yuana satılırdı. 2007-ci ildə isə 1 dollar 7,7 yuana satılmışdı. Yəni keçən müddət ərzində yuan xeyli bahalaşmışdı. Hazırda 1 dollar 6,5 yuana dəyişdirilir. Göründüyü kimi, ötən müddət ərzində yuan xeyli ucuzlaşıb.

Çin iqtisadiyyatının borclanma səviyyəsi yuanın getdikcə daha çox dəyər itirəcəyini ehtimal etməyə imkan verir. Bu ölkənin ümumi caxili məhsulu (ÜDM) 10 trilyon dollara bərabər olduğu halda Çin şirkətlərinin toplam xarici öhdəlikləri 16 trilyona bərabərdir. Bu, ÜDM göstəricisi təxminən xarici borca bərabər olan  ABŞ-dakından xeyli ağır vəziyyətdir. Buna görə də Çin valyutasının davamlı devalvasiyaya uğrayacağı daha inandırıcı görünür./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar