Tarix: 08.12.2016,   Saat: 00:13, Cümə axşamı.          

Azərbaycan prezidenti: `Multikulturalizmin alternativi ksenofobiya, irqçilikdir`

“Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul edib. Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqə yaradılmasını məqsədəuyğun hesab edirik. Bir neçə il əvvəl Avropa Şurasına üzv ölkələrinin mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik. Buna "Bakı Prosesi" adını verdik. Buna dünyada böyük hörmət və diqqətlə yanaşdılar”.
 
Məlumata görə, bunu bu gün V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bundan sonra mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verməyə çalışacaq: “Azərbaycan bütün dövrlərdə multikulturalizm, sülh məkanı olub. Bu gün də multikulturalizmə öz töhfəmizi veririk. Azərbaycan dövləti məscidlər, kilsələr, sinaqoqlar tikir. Azərbaycanda bütün dini bayramlar birlikdə qeyd edilir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik”.
 
Prezident İlham Əliyev deyib ki, multikulturalizm bu gün də Azərbaycanda dövlət siyasətidir: “Bu siyasət ölkə daxilində böyük rəğbət qazanır. Dövlət siyasəti o zaman uğur qazanır ki, cəmiyyət buna dəstək verir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda "Multikulturalizm ili" elan edilib. Dövlət Bayrağı Meydanı yaxınlığında multikulturalizmə abidə ucaldılıb”.
 
Dövlət başçısı bildirib ki, bu gün dünyanın bir neçə yerində multikulturalizmlə bağlı bədbin fikirlər səslənir: “Bəziləri multikulturalizmə yol verilməsini düzgün saymır, bəziləri bu ideyanı iflasa uğramış hesab edir. Lakin multikulturalizmin alternativi ksenofobiya, irqçilikdir, bunlar isə çox təhlükəli meyllərdir. Tarixdə bu meyllərin güclənməsinin hansı faciələrə yol açdığını görmüşük. Ona görə də dünya multikulturalizmlə bağlı vahid mövqe nümayiş etdirməlidir. Multikulturalizmin dünyada bir neçə məkanı var, onlardan biri də məhz Azərbaycandır”./apa/



  Bölmə: Gündəm | Baxış sayı: 245 | Tarix: 29.09.2016, 12:47


Xəbərlər