Azərbaycan banklarından biri müflis elan edildi
10.02.2016 626 0.0 0

"Texnikabank" rəsmən müflis elan edilib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2-1 (81)-1541/20160 qərarı ilə "Texnikabank" ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.
Məlumata görə, “M.M.M. Perfekt Konsaltinq” MMC ləğvedici təyin edilib. Qərar dərhal icraya yönəldilib.

"Banklar haqqında" qanunun 72-ci maddəsinə əsasən:
- bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur;
- banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır;
- bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür;
- qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir;
- bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır;
- bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir.

Ləğv prosesində olan “Texnikabank” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi tədbirlər görüləcək. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

“Texnikabank” ASC qarşısında öhdəlikləri olan şəxslər borclarının ödənilməsi və ya məlumat almaq üçün bankın baş ofisi ilə yanaşı, filial və şöbələrinə də müraciət edə bilərlər.

Azərbaycan Respublikası Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/1 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 2 fevral 2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar