APA İnformasiya Agentliyinin 13 yaşı tamam olub
16.11.2017 806 0.0 0

Onlar nə az, nə çox - düz 13 ildir birlikdə yol gəlirlər. İllər yel qanadlıdır desələr də, bu gün 13 yaşını tamamlayan "Azəri-Press" Agentliyinin (APA) qurucuları ötən illərin hər gününün, hər saatının, hətta hər dəqiqəsinin onlar çün çox önəmli olduğunu deyirlər. Gördükləri işdən danışmağı heç sevməyən həmkarlarımız ekrandan uzaq olmağı üstün tutsalar da, biz onları təbrikə gəldik.

 

Həmişə olduğu kimi, iş başında idilər. Əslində onları bir an boş görmək olmur. Nə vaxt qapısını döyüb bir söz soruşmaq istəsən, "APA Holding"in Direktorlar Şurasının sədri Nurşən Quliyevin gözləri bilgisayarda, barmaqları klaviaturanın üzərində olur. Günün təkcə görünən on saatını deyil, görünməyən digər saatlarını da xəbərlə keçirən Nurşən Quliyevlə ötən 13 ilə qısaca nəzər saldıq:

 

"Ad günü deyəndə ilk olaraq yada körpənin dünyaya gəlişi düşür. Qarşımıza qoyduğumuz hədəflərin bir hissəsinə çatmışıq, amma təbii ki, hədəflər, arzular bitmir, daha da böyüyür. Bu böyüyən arzulara çatmaq üçün daha çox işləmək, daha çox çalışmaq lazımdır. Əsas məqsədlərdən biri Azərbaycanın sayılan, seçilən, etibar edilən agentliklərindən biri olmaq idi, biz buna nail olduq. Sonra miqyası genişləndirərək ölkənin hüdudlarından kənarda tanınmaq kimi məqsədimiz vardı, ona da çatdıq. Bütün dünyanı nəzərdə tutmasaq da, regionda və yaxın xarici ölkələrdə APA tanınır, qəbul olunur. Bir çox ölkələrin aparıcı KİV-ləri ilə münasibətlərimiz və əməkdaşlığımız var. Bizim xəbərlərdən dünyanın ən nüfuzlu agentlikləri istifadə edirlər, istinad edirlər" .

 

2004-cü il noyabrın 16-dan fəaliyyətə başlayan agentlik Azərbaycan, rus, ingilis, ərəb, fransız və erməni dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və onlayn sistemlə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

 

Elə Nurşən Quliyev də hesab edir ki, informasiyasız qalmaq bu işin dayanması deməkdir. "APA canlı bir orqanizmdir" deyən Nurşən müəllimin sözlərinə görə, xəbər heç bir fasiləsi olmayan prosesdir:

 

"Bu işdə dayanmaq, fasilə vermək barədə düşünürsənsə, deməli, bu işdən uzaqlaşmalısan. Biz bu 13 ili fasiləsiz, dayanmadan gəlmişik. Nəticədə bu oldu ki, APA bu yerlərə gəldi, tanındı və qəbul olundu. Yola davam edirik. Çalışırıq ki, xəbərə yorulmayaq" .

 

Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir. Adı çəkilən dövlətlərin bir sıra yayım quruluşları ilə əldə olunan əməkdaşlıq haqqında razılaşmalara əsasən, bu qurumlarla informasiya mübadiləsi aparılır.

 

Gülşən Hacıyeva  da APA-nın qurucularındandır. Deyir ki, bu evə, bu ocağa onları bağlayan və doğmalaşdıran mənəvi bir bağ var:

 

"APA bizim üçün bir ocaqdır. Həmişə demişəm - qızı köçürdərsən, amma ata ocağı doğma olar. Mən APA-nın daxilində digər qurumlarda da işləmişəm, amma qayıtdığım yer yenə bura olub. Bilirsiniz, bizi bura bağlayan mənəvi bir bağ, gözə görünməyən bir maqnit var. İnanın, illərin necə ötürdüyünü hiss etməmişəm. Bir də baxmışam ki, 5, 10 və bu gün 13 yaşdır. APA-nın dünya miqyasında tanınmasını diləyirəm".

 

Agentliyin www.apa.az ünvanlı internet saytı fəaliyyət göstərir. APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin Türkiyə, Rusiya, Gürcüstan, Mərkəzi Asiya, Fransa və ABŞ-da ofisləri fəaliyyət göstərir.

 

"APA Holdig"in birinci vitse-prezidenti Şahin Cəfərlini tanıyandan bəri ilk dəfə idi ondan müsahibə alırdım. Uzun illərdir bu kollektivdə çalışan həmkarımız deyir ki, ən yaddaqalan günü bura ilk gəldiyi gündür:

 

"Yeni kollektiv, yeni iş yeri kimi maraqlı idi. İstənilən insanın ilk iş günü həmişə yadında olur. Yeni tanışlıqlar, yeni mühit. Mətbuatdakı karyeram böyük dəyişikliklərlə yadda qalmayıb. İlk olaraq "Yeni Müsavat" qəzetində doqquz il işləmişəm, daha sonra "GÜN Səhər" qəzetində bir il fəaliyyət göstərdim və ondan sonra APA karyeram başladı. Yəni digər jurnalistlərdən fərqli olaraq, tez-tez iş yeri dəyişməmişəm. Hesab edirəm ki, bu daha yaxşıdır. Söz var, deyərlər ki, daş yerində ağır olur. Uzun illər bir kollektivdə işləməyin özünün ayrı üstünlükləri var".

 

Redaktorlar İlham Sultanov və Məhbubə Qasımbəyli də APA ailəsinin üzvləridir.

 

Məhbubə Qasımbəyli bu əlamətdar gün münasibətilə həmkarlarını təbrik edir: "13 illik münasibətilə APA-nın qurucularını, bu prosesdə əməyi olan hər kəsi, bütün əməkdaşlarımızı və oxucularımızı təbrik edirəm. APA-ya hər zaman olduğu kimi, doğru xəbərin ünvanı olmağı arzulayıram. Arzu edirəm ki, hər zaman istinad yeri olsun".

 

İlham Sultanov da həmkarlarına uğurlar diləyib: "Həmkarlarımı 13 yaş münasibətilə təbrik edirəm. Yeni-yeni uğurlar arzulayıram"

 

Həmkarlarımızı təbrikə Lent.az-ın baş direktoru Qabil Abbasoğlu da qoşulur:

 

"APA Azərbaycan mətbuatında, Azərbaycan xəbərçiliyi tarixində həm keyfiyyət, həm kəmiyyət, həm peşəkarlıq baxımından və işin ən mühümü, mətbuatın indiki vəziyyətində, bu qədər çətin bir şəraitdə məktəbə çevrilmək baxımından tamamilə yeni və çox ciddi bir mərhələdir. Ciddi bir uğurdur. Bu uğur münasibətilə APA adında xidməti olan insanların hamısı təbrik edirəm. Çox ciddi nailiyyətdir və bunu hər kəsə arzulayıram".

 

Vesti.az saytının baş redaktoru Araz Zeynalovun da arzuları böyükdür:

 

"13 illik münasibətilə bütün həmkarlarımı təbrik edirəm, uğurlar diləyirəm. Bütün kollektivimizin üzvlərini ürəkdən təbrik edirəm. Arzu edirəm ki, APA informasiya agentliyi, həmişə olduğu kimi, bütün xəbər agentliklərinin önündə getsin. Biz də - onun ətrafında cəmləşən saytlar ondan bəhrələnək Çalışaq ki, biz də APA səviyyəsinə yüksələ bilək" .

 

Təbriklərə APA TV-nin baş direktoru Vüqar Hüseynov da qoşulur: "Həmkarlarımızı təbrik edirəm. 13 yaş bir media qurumu üçün kifayət qədər böyük müddət deməkdir. Bu yolu biz birlikdə gəlmişik, bundan sonra da bu tempdə davam etmələrini arzulayıram. Düşünürəm ki, APA üzərinə düşən bu missiyanı indiyə qədər olduğu kimi, bundan sonra da uğurla doğruldacaq".

 

Zaur Xəlilov "APA Holding"in veteranlardan biri, Kommersiya və Marketinq departamentinin direktorudur:

 

"Təbrik edirəm 13 illiyimizi. Bundan sonra da uğurlar arzulayıram. Gün olsun ki, APA-nın səsi bütün dünyadan gəlsin, daim inkişafda olsun".

 

APA informasiya agentliyi yaranandan əməkdaşların da, oxucuların da, hətta tamaşaçıların da əziyyətini az çəkməyən Lalə xanımın da ürək sözlərini eşidək:

 

Operator Lalə Məmmədovanın da deməyə sözü var: "Təbrik edirəm. Neçə gözəl illəri birlikdə qarşılayaq. APA-ya uğurlar!"

 

Qeyd edək ki, APA “Global Certfication Limited” şirkətinin “İSO 9001:2008” beynəlxalq standartı üzrə “Keyfiyyətli İdarəetmə Sistemi” sertifikatına layiq görülüb. Agentlik 2012-ci ildən etibarən “APA Holdinq” MMC-nin tərkibində fəaliyyət göstərir.

 

APA-da çalışan həmkarlarımızı təbrik edir, onlara peşə fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.

 


Digər xəbərlər:
Şərhlər
avatar