Tarix: 08.12.2016,   Saat: 18:09, Cümə axşamı.          

Amerikalı hakerlər azərbaycanlı sahibkarın bank hesabından pul oğurlayıblar

Azərbaycanda sahibkarın bank hesabından oğurluq edilib.
 
Bu barədə zərərçəkən İlham Soltanov məlumat verib. Onun sözlərinə görə, avqust ayında onun “Ekspressbank”da olan hesabına ABŞ-ın Los Anceles şəhərindən müdaxilə olub. Nəticədə hesabdan xeyli miqdarda pul oğurlanıb. Müştəri bu barədə xəbər tutan kimi dərhal hesabını bağlayıb.
 
İ. Soltanov həmçinin qeyd edib ki, hadisədən dərhal sonra “Ekspressbank”dan ona problemin araşdırılaraq dəymiş ziyanın ödəniləcəyi bildirilsə də, buna əməl olunmayıb. O, məhkəməyə müraciət edəcəyini bildirib: “Mən bu banka etibar edib, təhlükəsizliyinə güvənib ora pul qoymuşam. Bir bank müştərisinin hüquqlarını pozulmasına necə laqeyd qala bilər? Ona görə də məsələni məhkəmə müstəvisində həll edəcəyəm”.

“Ekspressbank”dan İ. Soltanovun bank hesabından oğurluq edilməsi faktını təsdiqləyiblər. Qeyd olunub ki, müştəri banka şikayət edərək hesabından pul silindiyini bildirib: “Tərəfimizdən operativ şəkildə araşdırılma aparılaraq kart hesabı bloklaşdırılıb və növbəti silinmələrin qarşısı alınıb. Araşdırmalarla müəyyən edilib ki, müştəri London şəhərində plastik kart ilə əməliyyat aparıb və bu zamanı plastik kart məlumatları oğurlanıb. Müvafiq kart dublikatı hazırlanaraq ABŞ ərazisində ATM vasitəsi ilə yenidən pul çıxarılıb. Təəssüf ki, hazırda "MasterCard" ödəniş sistemi ABŞ və digər dövlətlərdə müvafiq məsuliyyətin ötürülməsi (Beynəlxalq Ödəniş Sistemlərinin “Liability Shift” qaydası) proqramına qoşulmadığından bu kimi oğurluq halları üzrə vəsaitlərin qaytarılması mümkün deyil. Əlimizdə olan "MasterCard" beynəlxalq ödəniş sisteminin qaydalarına əsasən (Chip and Chip/PIN Liability Shift Guide1 May 2014) yalnız 21 oktyabr 2016-cı il tarixindən sonra ABŞ ərazisində ATM vasitəsi bu kimi şübhəli əməliyyatlar üzrə vəsaitlərin qaytarılması mümkün olacaq”.
 
Bankdan həmçinin bildirilib ki, hər bir müştəri bank kart məlumatlarının gizli saxlanılmasına görə yalnız özü məsuliyyət daşıyır: “Müştərimiz İlham Soltanovun "MasterCard" plastik kartından haqsız olaraq silinmiş məbləğə görə təəssüf edirik. Ancaq bir daha qeyd edək ki, oğurlanmış məbləğ bankımız tərəfindən deyil, "MasterCard" tərəfindən qaytarılmalı olduğundan və cari proqram buna imkan vermədiyindən heç bir köməklik göstərə bilmirik”./apa/



  Bölmə: Gündəm | Baxış sayı: 193 | Tarix: 07.09.2016, 17:25


Xəbərlər