
Bu gün 14 ildən bəri Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) II fövqəladə qurultayı Ankarada öz işinə başlayıb.
Məlumata görə, qurultayın başlamasından əvvəl sədrliyə namizəd Binali Yıldırım salonu dolaşaraq nümayəndələri salamlayıb.
B. Yıldırımdan sonra salona gələn AKP-nin bu günə qədərki sədri və baş nazir Əhməd Davudoğlu isə salonu dolaşaraq qurultay nümayəndələriylə vidalaşıb. Qurultayı açmaq söz alan AKP sədrinin təşkilat məsələləri üzrə müavini Mustafa Ataş, partiya sədrliyinə yeni namizədlərin göstərilməsi üçün qurultay iştirakçılarına 5 dəqiqə vaxt verib, ancaq AKP sədrliyinə B. Yıldırımdan başqa namizəd göstərilməyib. M. Ataş partiyanın qurucu lideri olan prezident Ərdoğanın adını çəkərkən salondan alqış səsləri yüksəlib.
AKP sədrinin müavini M. Ataş deyib ki, bu müqəddəs yürüşdə bir çox qadın və gənclərin imzası var: “Bu müqəddəs əmanəti 26 avqust 2014-cü ildə qurucu liderimizdən təhvil alaraq vəzifəsinin öhdəsində ləyaqətlə gələn Əhməd Davudoğluna təşəkkür edir, sədrliyə namizədimiz Binali Yıldırıma uğurlar diləyirəm”.
M. Ataş qurultayın Rəyasət Heyətinin sədrliyinə ədliyyə naziri Bəkir Bozdağın namizədliyini irəli sürüb. Təklif yekdilliklə qəbul edilib. B. Bozdağ qurultayın proqramını oxuyandan sonra AKP-nin bu qurultayının da Türkiyənin demokratik həyatı üçün örnək olacağını vurğulayıb: “AKP-nin tək lideri var, o da prezidentimiz Rəcəb Tayyib Ərdoğandır".
B. Bozdağ baş nazir Ə. Davudoğluya təşəkkürünü bildirib.
Qurultayda çıxış edən AKP sədri, baş nazir Əhməd Davudoğlu AKP sədri vəzifəsini Rəcəb Tayyib Ərdoğandan təhvil alandan sonra mübarizəni uğurla davam etdirdiyini vurğulayıb:” 7 iyun ilə 1 noyabr arasında Türkiyədə indiyə qədər yaşanmayan keçici hökumət təcrübəsini yaşayaraq ölkəni seçkiyə apardıq. Demokratiya tarixinin ən böyük reytinqini 1 noyabrdakı seçkidə gördük. Bu gün partiyamızın reytinqi 54-55%-dir. Cümhuriyyət dönəminin ən böyük terror təhdidi ilə üzbəüz qaldıq. Bu yoldakı qərarlılığımızdan güzəştə getməyi heç kim gözləməməlidir. Nə söz verdiksə, hamısını həyata keçirdik. I fövqəladə qurultay kimi II fövqəladə qurultayın da vida yox, vəfa qurultayı olmasını diləyirəm. Biz prinsiplərimizlə əsla vidalaşmarıq. Allah bizləri vəfa yolundan ayırmasın. Bu hərəkatda heç birimiz vazkeçilməz deyilik, ancaq bu hərəkatda vazkeçilməz dəyər – AKP-nin Türkiyənin partiyası olmasıdır”.
Ə. Davudoğlu yeni Konstitusiyanın ərsəyə gəlməsinin qısa müddətdə tamamlanacağına inandığını vurğulayıb: ”1 noyabrda 49.5% səs alaraq 6 aydan sonra fövqəladə qurultaya getmək barədə qərar qəbul etmək heç də istədiyim bir şey olmayıb. Bu qərarı AKP-nin birlik və bərabərliyini qorumaq və hərəkatımızın zərər görməməsi üçün qəbul etdiyimi bilməyinizi istəyirəm. Sevgiylə, məhəbbətlə başladığmız işi şərəflə bitirirəm”.
Ə. Davudoğlu sədrliyə namizəd B.i Yıldırıma uğurlar diləyib.
AKP-nin II fövqəladə qurultayında məclisdə təmsil edilən və edilməyən partiyaların, QHT-lərin, araşdırma mərkəzlərinin təmsilçiləri iştirak edirlər./apa/