Ağ və qara
31.08.2015 768 0.0 0

 

Dünya yaranandan təzadlar dünyasıdır. Bizi əhatə edən ətrafda bir-birinə zidd olan iki rəng çaları -- "ağ" və  "qara", hər şeydə olduğu kimi, insanların  münasibətində də var.  Yazıma verdiyim bu giriş təsadüfi, yaxud gəlişigözəl fəlsəfi fikirlər deyil. Bunları yazdıran səbəblər var.

Mən rəssamam. Bu il iyul ayının 7-də oğlumu Vətən  qarşısında borcunu 

verməyə -- əsgəri xidmətə  yola  saldım. Avqustun 16-da isə  gənc  əsgərlərin andiçmə  mərasimində iştirak etmək  üçün  onun  xidmət  etdiyi hərbi hissənin yerləşdiyi Beyləqan şəhərinə  getdik. Andiçmə  mərasimi olduqca yüksək  səviyyədə, təsəvvürümə  belə  gətirə bilməyəcəyim  şəkildə,  möhtəşəm keçdi.  Şəxsən,  mən  bir  Azərbaycan  vətəndaşı  və  həm də  əsgər atası  kimi bu  mərasimdən vəcdə gəldim.  Çünki,  mən hələ sovet dönəmində gec-tez SSRİ-nin  dağılacağına ürəkdən  inanır  və  nə vaxtsa özümüzün  azad, müstəqil dövlətimizin,  belə möhtəşəm Milli  Ordumuzun olacağını  arzu  edirdim. Lakin  bütün  bu  xoşbəxt günlərimizi  görməyin  mənə  də nəsib olacağını bilmirdim. Bütün  bunların baş verməsi  mənə dillə  deyiləsi mümkün  olmayan  sevinc yaşatdı, xəyallarımı özgə aləmə apardı. Hətta  andiçmə  mərasimində  mənə   valideynlər adından  danışmağa  söz veriləndə sevinc  dolu göz yaşlarımı  güclə saxlayırdım. Çıxış edərkən   dedim  ki, xalqımızın 

böyüklüyü, qarşısında baş əydiyimi dilə gətirmək  istəyirəm. Qoy  xalqımızın  və  milli dövlətçiliyimizin varlığı əbədi olsun!

 

 

Mən burada öz   hərbçilərimizin varlığından qürur duymaqla, onların hamısının üzündə  kişi  məğrurluğu  ilə  yanaşı,   bir nur gördüm. Bu  nur  məni  bir  daha  balalarımızın  taleyini bu  nəcib insanlara  etibar  etməkdə  haqlı olduğumuza inandırdı.  Mən  bir  Azərbaycan türkü  kimi belə  hərbçilərimizlə  fəxr edirəm. Bütün əsgər balaların  Vətənə  şərəflə  xidmət edərək, öz evlərinə,  ailələrinə dönmələrini  ürəkdən  arzu  edirəm! Həm ordumuzun,  həm də yurdumuzun əbədi olacağına inanıram!

Haqqında söylədiyim bu şərəfli  anları  ifadə  etməyə  sözlər bəs  etmir. Buna  baxmayaraq, gördüklərimin məndə yaratdığı xoş təəssürat haqqında yazmaqdan doymuram...Lakin bu  möhtəşəm gözəlliklə yanaşı,  bütün  bunların  tam  əksi olan bir məsələ barədə  də  danışmağı özümə borc bilirəm.... Biz Beyləqana  ilk dəfə  gəldiyimizdən heç yeri  və  heç kimi  tanımırdıq. Ona görə  də  taksi  saxlayıb,  bizi  nahar  etmək üçün  bir kafeyə  aparmasını  xahiş etdik.  Taksi  sürücüsü ürəyə yatımlı, mehriban olduğundan onun  telefon nömrəsini götürdük. Oğlumu  aparıb  hərbi  hissəyə qoyduqdan sonra  əslən Füzuli rayonunun Aşağı Veysəlli  kəndindən olan bu gülərüz insanla -- Rövşənlə birlikdə  idik.   Rövşən Bakıya gedən qatarın  axşam saat 22.15--də yola düşəcəyini  və o vaxtadək  Mil düzünə od  püskürən  Günəşin altında gedəcək yerimizin olmadığını  bildiyindən  bizi təkidlə sığındığı,  heç bir şəraiti  olmayan ünvana -- "evinə" gətirdi.

 

 

Yol boyu  bizdən  şəraitsizliyə görə dönə-dönə üzr  istədi.

Burada,  doğrudan da,  insanın  yaşaması üçün  heç bir şərait yox idi. Bu  

şəraitsizliyin  içində  bu böyük  ürəkli  insanlar  neçə  ildir, olmazın zülmləri  çəkirlər. Beyləqanda "kanalın üstü"  adlanan yerdə təqribən  on beş  məcburi köçkün ailəsi "məskunlaşıb". Kanaldan axan bol  suyu olsa da, zavallılar ilan mələyən çöldə həyatla  ölüm-dirim mübarizəsi aparmağa  məcburdurlar. 

Köçkünlər gileyləndilər ki,  bu  vəziyyətdən əlaqədar  təşkilatların  xəbəri  var, bol-bol söz verirlər, lakin ev paylananda yada düşmürük...Mən bir  rəssam kimi ermənilərin əlindəki azərbaycanlı əsir və girovlara verilən  işgəncələrə,  ümumiyyətlə  dərdlərimizə çoxlu sayda əsər  həsr  etmişəm. 

 

Bu  əsərlərdə  mən  düşməni  lənətləmişəm. Bəs bu  vəziyyətdə  kimi qınayım? Axı, bu zavallılar bizim öz  xalqımızın övladlarıdır. Belə  etinasızlığa, belə  biganəliyə  nə  ad verək? Söz  tapmağa  çətinlik çəkirəm.

Onu da yaxşı bilirik ki, dövlət xalqımızın  bu  çətin günündə  diqqət  və  

qayğısını  əsirgəməmiş,  qaçqın  və məcburi  köçkünlər  üçün  Azərbaycanın  ən müxtəlif yerlərində  şəhərciklər salmış, dədə-baba yurdlarından  didərgin düşmüş bu insanlara hər cür şərait yaratmışdır.  Bu  insanlar  həmin  gözəl  şəraitə qürbətdə yox,   Vətənin digər bir guşəsində olmalarına  baxmayaraq, özlərini  rahat  hiss etmirlər.  Daim  ata-baba  yurdlarının  azad olunacağı,  öz doğma  ocaqlarına  qayıdacaqları günü  səbirsizliklə gözləyir,  bu ülvi hisslərlə yaşayırlar. 

 

 

Mənim  haqqında  danışdığım  qaçqın sığınacağı  hal-hazırda  bəlkə  də  dəryada  bir damla söhbətidir. Buna  baxmayaraq, bu  acı  mənzərənin  mövcudluğu da arzuolunmazdır. Dövlətimizin  qaçqın  və  məcburi köçkünlər üçün  gördüyü bu qədər  möhtəşəm işə ayrı- ayrı  məmurların  səhlənkarlığı üzündən xələl gəlməməlidir. Yəni,  nə qədər gizlətsən də ağappaq, ən bəyaz lövhənin  üstündə də xırdaca qara bir ləkə də diqqətdən yayınmır...

 

Vaqif UCATAY,

rəssam

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar