Mayın 20-də Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
Məlumata görə, söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişaf dinamikası müzakirə olunub. Prezident İlham Əliyev bu il mart ayının sonlarında Vaşinqtonda Co Bayden ilə keçirdiyi görüşü məmnunluqla xatırladıb.
Dövlət başçısı və ABŞ-ın vitse-prezidenti həmin görüş zamanı səmərəli müzakirələrin aparıldığını vurğulayıblar. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə bu yaxınlarda Vyanada keçirilən görüşlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əhəmiyyəti qeyd olunub.
Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinin vacibliyini bildirib.
Söhbət zamanı uğurla inkişaf edən Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb./apa/