`Lotu Quli`nin qohumunun məhkəməsi başlayıb
24.02.2017 847 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Məlumata görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda prokuror Fərid Nağıyev hakim Əfqan Hacıyevə etiraz verib. Prokuror bildirib ki, Nadir Səlifovun məhkəməsi zamanı Əfqan Hacıyev onun vəkili olub. Prokuror bildirib ki, bu, hakimin işdə maraqlı olması kimi qiymətləndirilir.

Hakim Əfqan Hacıyev isə işdə heç bir marağının olmamasını deyib.

 

Təqsirləndirilən şəxsin vəkili Kamandar Nəsibov etirazın əsassız olduğunu deyib və təmin edilməməsini istəyib. V. Hüseynov da vəkili ilə razı olduğunu deyib.

Daha sonra hakimlər Fikrət Qəribov və Rasim Sadıqov etirazla bağlı müşavirəyə gediblər. Müşavirədən sonra qərar açıqlanıb. Hakimlər etirazı təmin ediblər. Bildiriblər ki, yeni hakim təyin olunana kimi proses təxirə salınır. 

Qeyd edək ki, V. Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun üzərindən 12,360 qram heroin aşkarlanıb. 

V. Hüseynovun barəsində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanılıb.

V. Hüseynov hazırda həbsdə olan və "Lotu Quli" ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifovun bacısının həyat yoldaşıdır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar