Zelenski: `Avropa İttifaqı Ukrayna ilə daha güclü olacaq`
01.03.2022 320 0.0 0

“Burda gördüklərimə və eşitdiklərimə çox şadam. Mən çox şadam ki, bu gün bütün ölkələrlə, Avropa İttifaqının bütün ölkələri ilə həmrəyik, onlar yanımızdadır. Lakin mən bilməzdim ki, biz bunun əvəzini belə ağır ödəyəcəyik”.

Məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Parlamentində videokonfrans formatında çıxışı zamanı deyib.

“Baş verənlər mənim üçün, hər bir ukraynalı üçün, ölkəmiz üçün faciədir. Biz ağır bədəl ödəyirik, çox ağır bədəl. İki inqilabda, bir müharibədə və artıq 5 gündür davam edən Rusiyanın geniş miqyaslı işğalında minlərlə insanımız həlak olub.

Bu gün çıxışımı kağızdan oxumayacağam. Çünki ölkəmizin kağızlarla bağlı taleyi sona çatıb. Biz indi reallıqlarla üzləşirik, insanlarımızın öldürülməsi ilə bağlı reallıqlar. Mən inanıram ki, biz qurbanlarımızı dəyərlər, haqlar, azadlıq üçün veririk, sizin sahib olduğunuz azadlığa sahib olmaq, sizinlə bərabər olmaq üçün veririk. Bizim ən güclü, ən yaxşı insanlarımız həlak olur. Ukraynalılar güclüdür, möhtəşəmdir.

Biz hər şeyin, hər kəsin öhdəsindən gələcəyik, gəlirik, siz bunu görürsünüz.

Biz “Ukraynanın Avropa seçimi” barədə həmişə eşidirik. Mən indi sizlərdən eşitmək istəyirəm, Avropanın Ukrayna seçimini.

Bu gün bizim üçün çox ağır sabah oldu, iki qanadlı raket Xarkova atıldı. Bizim ən böyük şəhərlərimizdən birinə, ölkəmizin ən çox universitetlərinin yerləşdiyi şəhərə, rusların və ukraynalıların birgə yaşadığı şəhərə, gəncliyi ağıllı və parlaq olan şəhərə, Avropanın ən böyük meydanlarından birinə sahib olan "Azadlığa" sahib olan şəhərə. Budur azadlığın bədəli. Biz öz torpağımız, öz azadlığımız üçün savaşırıq. Bu gündən bizim bütün şəhərlərimiz, meydanlarımız bizim üçün "Azadlıqdır". Heç kim bizi çökdürə bilməyəcək. Biz güclüyük, biz ukraynalıyıq. Biz öz uşaqlarımızı sağ görmək istəyirik. Düşünürəm ki, bu ədalətli bir arzudur. Dünənə qədər bizim 16 uşağımız öldürülüb”, - Zelenski vurğulayıb.

O qeyd edib ki, ukraynalılar azadlıqları üçün savaşır: “Biz, həmçinin Avropanın bərabərhüquqlu üzvü olmaq üçün savaşırıq. Bu günlərdə biz nəyə qadir olduğumuzu göstəririk. Əmin ola bilərsiniz ki, Avropa İttifaqı bizimlə daha güclü olacaq. Sizsiz Ukrayna yalnız olacaq. Biz öz gücümüzü sübut etmişik, biz sizin kimi olduğumuzu sübut etmişik. İndi isə siz bizimlə birgə olduğunuzu sübut edin. Sübut edin ki, bizim getməyimizə icazə verməyəcəksiniz və sübut edin ki, siz də əsl avropalısınız. Yalnız bundan sonra həyat ölüm üzərində qələbə çalacaq, işıq qaranlıq üzərində qələbə çalacaq. Yaşasın Ukrayna!”/apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar