Zahid Oruc DİN-in ünvanına elə sözlər dedi ki... – Şərh
06.10.2016 1234 0.0 0

Azərbaycanda polis-vətəndaş münasibətlərinə dair fərdi hadisələrin ümumiləşdirilmiş mənzərə kimi qələmə verilərək  tirajlandırılması və bununla da polisin qəddar, zorakı obrazının yaradılması doğru deyil, əvəzində Qərbin ədalətini qabartmaq üçün orada xalqın bir nömrəli dostunun və qoruyucusunun hüquq-mühafizə orqanlarının olduğunu cəmiyyətimizə təlqin etmək xüsusi məqsədlərə xidmət edir.

 

Qazeta.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. O bildirib ki, əgər obyektiv təhlillər aparsaq, görərik ki, müstəqillik illərində ən çox dəyişikiliklərə məruz qalan sistem daxili işlər orqanları olub - istər qanunvericilik bazasının təkmilləşdirilməsi, istərsə də ictimai asayiş və təhlükəsizliyin təminatında, birbaşa peşəkar fəaliyyətin gerçəkləşdirilməsində. Millət vəkilinin sözlərinə görə, DİN qədər geniş islahatlara uğrayan qurum çox az olub:

 

“İndi əksər idarələrdə kameral nəzarət sistemi ilə oraya daxil olan hər kəsin qanunvericilikdən kənar davranışa məruz qalmasını izləmək mümkündür. O cümlədən, minlərlə hadisə zamanı vətəndaşlar tərəfindən qarşılıqlı zorakılıq, kriminallıq, mütəşəkkil cinayətkarlıq və digər halların yol verilməsinə qarşı ən kəskin müqavimət göstərən və cəmiyyətdə tarazlığı, sabitliyi təmin edən mühüm strukturlar içərisində daxili işlər orqanlarının adını çəkməmək insafsızlıq olar. Daxili İşlər Nazirliyinin tabeçiliyindəki bütün idarə və bölmələrdə olan rəhbər şəxslərin rotasiyası, sıravi heyətə qəbulun birbaşa nazir Ramil Usubovun şəxsi baxışı və nəzarəti altında aparılması, həmçinin zabitlərin təyinat bölgüsü zamanı qeyri-şəffaflığın aradan qaldırlması, o cümlədən, parlamentlə nazirlik arasında yaxşı əməkdaşlıq əlaqələrinin qurulması cinayətkarlığa qarşı mübarizənin əsas bazasını təşkil edir”.

 

Z.Oruc vurğulayıb ki, məhz DİN-in bugünkü fəaliyyəti sayəsində Azərbaycanda “qanuni oğru” termini ilə şifrələnmiş mütəşəkkil kriminal fəaliyyət yoxdur, yaxud müxtəlif ölkələrdə yaşanan kütləvi zorakılıq halları baş vermir:

 

“Amerikada ötən ilin mənzərəsi - XXI əsr hüquq təminatı qurumunun statistikası göstərir ki, polis 385 şəxsə qarşı silah tətbiq edib, onun 111 nəfərini qətlə yetirib. Müxtəlif  irqlər arasında sorğuda ağlardan kənar olan əhali qruplarından yalnız 48 faizi öz təhlükəsizliyini polisə etibar edir. Əvəzində yuxarıda qeyd olunan ölüm hallarının böyük əksəriyyəti işgəncə ilə izahatların alınması zamanı, yaxud hamının, o cümlədən televiziya kameralarının qarşısında adi tabeçilik normalarından kənara çıxmalara görə baş verib.

 

İki il öncə Fransada polis zorakılığına qarşı ictimai etirazları yəqin ki,  xatırlayarsınız. Avroparlamentin qarşısında etiraz edənlərə qarşı sərtlik, bir nəfərin ölümü, başqa birisinin gözünün çıxarılması böyük ictimai aksiyalara səbəb olmuşdu. Ona görə də Azərbaycan polisinə sovet milisi kimi baxmaq, əvəzində filmlərdə ideallaşdırılmış Avropa və Amerika polisinin mifologiyasına uymaq tamamilə yanlışdır. Əlbəttə, keçmişin mirasından azad olmaq çox çətindir və ona görə hər bir vətəndaşın müraciətinə hörmətlə, diqqətlə və qanunla yanaşılmalıdır. Lakin dövlətin əsaslarına zərbə vurulması hüquq-mühafizə orqanlarına itaətsizlik fikrinin yayılmasından, polisin qaralanması və onun düşmən hədəfinə çevrilməsindən keçir. Buna yol vermək olmaz”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar