Zahid Oruc: ABŞ-Rusiya münasibətlərinin normallaşması bölgəmiz üçün müsbət perspektivlər vəd edir
23.01.2017 894 0.0 0

“Donald Trampın Prezident seçilməsi və andiçmə mərasimindəki nitqində bir sıra mühüm mesajlar verməsi istər Amerika cəmiyyətində, istər siyasi media dairələrində, istərsə də öz ətrafında müxtəlif cür qiymətləndirilib”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.

Deputat qeyd edib ki, dünyada heç bir zaman Amerika prezidentləri kəskin əksfikirlilik şəraitində rəhbərliyə başlamayıblar: “Amerika tarixdə heç vaxt indiki qədər bölünməyib. Tramp əsl əməkçi sinfinin, böyük əziyyətlər çəkən insanların səsini qazanıb. Həmçinin bu illər ərzində ağır miras qoyan elitanın məğlubiyyəti baş verib. Daxildə böyük siyasi qarşıdurma cəbhələri olan bir şəxsiyyətin beynəlxalq məkanda hansı siyasəti həyata keçirəcəyi ilə bağlı fikir söyləyərkən qeyd etmək lazımdır ki, hər şey daxili situasiyadan asılı olacaq. Son bir ildə Trampın seçilməsindən sonra satılmış media orqanları qadın hərəkatlarının və digər etirazçı qüvvələrin Ağ Evə doğru hücumundan görüntülər yayımlamaqdadır. Deməli Tramp ilk öncə ölkədaxili gərginliyi aradan qaldırmalıdır.

Hətta çıxışında o söylədi ki, illər ərzində bu məkanda rəhbər və onun çevrəsi xeyli gəlir əldə edib. Əhali isə müflisləşib. 72 000 müəssisə bağlanıb. 35 faiz vergi nəticəsində insanlar sürünməkdədir. Amerika qlobal ordu yaratmaq adı altında ayrı-ayrı ölkələrin daxili işinə müdaxilə edib. Barak Obamadan qalan ağır mirası aradan qaldırmaq, Amerika cəmiyyətində bir-birinə zidd olan vuruşma səngərinə çəkilmiş qüvvələri birləşdirdikdən sonra nəyisə əldə etmək olar".

Zahid Orucun sözlərinə görə, əgər ABŞ-Rusiya münasibətləri normallaşarsa, bu bölgəmiz üçün də müsbət perspektivlər vəd edir: "Çünki biz dövlətlərarası savaşdan zərər çəkmişik. Obama Qarabağ üçün heç bir addım atmadı. Bu elita, əksinə, dünyada 4 münaqişənin əsasını qoymaqla Azərbaycanın problemlərini artırdı. Obama nəinki Cənubi Qafqaza, Azərbaycana, hətta Ukraynaya belə səfər etmədi. Bu elitanın məğlubiyyəti Azərbaycanın xeyrinədir”.

Deputat bildirib ki, Hillari Klintonun hakimiyyətə gələcəyi təqdirdə, Yaxın Şərq müharibəsinin davamı, inqilablar, çevrilişlərə qoyulan pullar, Rusiya əleyhinə aparılacaq savaş dövlətləri fəlakətə sürükləyəcəkdi, Qarabağ probleminin həllində də heç bir irəliləyiş olmayacaqdı: "Ən önəmlisi, Trampın digər prezidentlərdən fərqli olaraq erməni lobbisinin qarşısında öhdəçiliyi yoxdur ki, Qarabağ məsələsində və erməni soyqırımının tanınmasında Ermənistanı dəstəkləsin. Klinton Azərbaycanla münasibətdə 2010-cu ildə İçveçrə protokollarında Türkiyə ilə Ermənistan sərhədlərinin açılması məsələsində Prezidentimizi Ankaraya dəvət etmişdi. Amma cənab Prezident bu dəvəti qəbul etməmişdi. Buna görə də bizə qarşı kinli mövqedədir. O qüvvələrin məğlubiyyəti region üçün əhəmiyyətlidir. Amma maraqların təmin olunması istiqamətində bundan sonra beynəlxalq münasibətlər sahəsində hansı dəyişikliklər olacağını proqnozlaşdırmaq çətindir”. /Salamnews.org|


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar