Zərərçəkən: `MTN-də məni döydülər` - YENİLƏNİB
18.01.2017 1236 0.0 0

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

 

APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə sabiq polis əməkdaşı, zərərçəkmiş Neman Kərimov sualları cavablandırıb.

 

N. Kərimov istintaq zamanı döyülmədiyini desə də, məhkəmədə döyüldüyünü bildirib. O, ziddiyyəti belə əsaslandırıb: "Mən istintaq zamanı ifadə verəndə maşında döyülmədiyimi demişəm. Nazirlikdə isə məni döyüblər".

 

N. Kərimov məhkəmədə deyib ki, dayısı gəlib A. Çovdarovla görüşüb və pul verib.

 

Onun ifadəsinə münasibət bildirən A. Çovdarov N. Kərimovun dayısı ilə tanış olduğunu deyib. Bildirib ki, bir probleminə görə onunla görüşüb söhbət edib, lakin aralarında pul söhbəti olmayıb. Daha sonra iclasda N. Kərimovla birlikdə saxlanılan dayısı oğlu Elvin Mövsümov ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiq edib.

 

Proses yanvarın 23-də davam edəcək.

 

 

***

 

saat 15.32

 

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə polis əməkdaşı olmuş Neman Kərimov zərərçəkmiş qismində ifadə verib. O, Akif Çovdarovu gördüyünü deyib. Vəkillər isə onun istintaq zamanı ifadəsinin elan edilməsini istəyiblər. Bildiriblər ki, N. Kərimov istintaq zamanı ifadəsində Akif Çovdarovu görmədiyini deyib.

 

İstintaq ifadəsində göstərilib ki, 2009-cu ildə dayısı oğlu Mövsümov Elvin Zakir oğlu və 2 qız tanışı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən «Elit» otelinə gedib. Ertəsi gün Elvinlə qaldığı otelin qapısı döyülüb, qapını açan zaman isə bir neçə nəfər otağa daxil olub. Onlardan uzunboylu, idmançı bədən quruluşlu olanı cibindən vəsiqə çıxarıb Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğunu bildirib, onların nazirliyə getməli olduqlarını deyib. Həmin şəxsin adının Vüqar, soyadının isə Muxtarov olduğunu vəsiqədən oxuyub.

 

Nazirlikdə Elçin Çıraqov və Səlim Məmmədovu görən kimi tanıyıb. Elçin Çıraqovla Nərimanov rayon Polis İdarəsində işləyərkən tanışlığı olub. MTN-in Nərimanov rayon idarəsi və Nərimanov RPİ eyni binada yerləşdiyi üçün Elçin Çıraqovla tez-tez qarşılaşıb görüşüb. Səlim Məmmədovla isə təxminən 2006-cı ildə Elçinin oğlunun ad günü mərasimində Nərimanov rayonunda yerləşən «Şəki» restoranında iştirak edərkən tanış olub. Səlim ona «Elşad Abdullayevlə yaman konfliktə girmisən, sənin ona dişin batmaz» deyib. Səlimdən bu sözün mənasını soruşub, o, gülərək «mənim sənə ürəyim yanır deyə səni xəbərdar etdim» deyib. Bundan sonra, Səlim ona «barəndə Sevinc Məmmədovanın şikayət ərizəsi var, ondan 30 000 manat borc almısan, qaytarmamısan» deyib. Sevinc Məmmədova ABU-da təhsil alıb. Sevinc Məmmədovanı sabiq Binəqədi rayon prokuroru Mirələkbər Seyidovun vasitəsilə tanıyıb. Sevinc Mirələkbər Seyidovun işlədiyi rayonda yaşayıb, onunla da münasibəti olub. Sevinci Mirələkbər Seyidovla Elşad Abdullayev tanış edib. Elçin Çıraqovla Sevincin tanış olmalarına da şərait yaradıb. Bundan sonra Sevinc və Elçinlə dəfələrlə bir masada oturublar. Elçin sonradan Sevinci həmkarı olan Səlim Məmmədovla tanış edib. Həqiqətən də Sevincdən borc olaraq 30 000 manat alıb. Həmin pulu Sevincdən nə səbəbə borc aldığını isə hazırda xatırlamır.

 

2009-cu ilin iyun-iyul aylarında sabiq Binəqədi rayon prokuroru Mirələkbər Seyidov onu otağına çağırıb. Həmin vaxt orada Sevinc Məmmədovanı görüb. Sevinc onun barəsində şifahi şikayət edib. Mirələkbər Seyidov isə öz otağında onun yanında Sevincə 10 000 manat verib ki, ondan şikayət etməsin. Belə olan halda Sevincə cəmi 20 000 manat borcu qalıb. Milli Təhlükəsizlik Nazirliyində Səlim Məmmədov «Sevinc səndən şikayət edib ki, sən ondan 30 000 manat borc pul almısan» deyib. Bundan sonra Səlim belindən «Makarov» tipli silahı çıxarıb ona verib və «bir dəqiqə bunu saxla» deyib. Lakin əlini silaha vurmayıb. Daha sonra Səlim Məmmədov sidiyini test edib. Səlim və Elçin ona «250 000 manat verməsən, səni silahla, narkotiklə yükləyib, özünü həbs edib «podval»a göndərəcəyik» deyiblər. Bir qədər sonra Sevinci otağa gətiriblər, sonuncu onun üzünə qarşı 30.000 manat pulu borc aldığını təsdiq edib. Səlim və Elçin uzun alverdən sonra 80 000 manata razılaşaraq «30 000 manat Sevincə verəcəksən, 50 000 manatı isə bizə verməlisən» deyiblər. Başqa çıxış yolu olmadığını görüb telefonlarının birindən dayısı Zakir Mövsümova zəng edib.

 

Beləliklə, dayısı Zakir 80.000 manat pulu həmin yerə gətirib, pulu Səlim Məmmədov və Elçin Çıraqova verib. Bundan sonra sərbəst buraxılıblar.

 

Proses davam edir.

 

*****

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. A. Çovdarovun vəkili Kamandar Nəsibov jurnalistlərə deyib ki, ötən iclasda KİV nümayəndələrinin iclasda iştirakına dair vəsatət qaldırıblar. Hakim bu gün keçirilən iclasda jurnalistlərin iştirakının təmin ediləcəyini deyib. Lakin bu gün jurnalistlərin iştirakına icazə verilməyib.

 

Hakim Həbib Həsənov vəkillərə KİV nümayəndələrinin iştirakı ilə bağlı qadağa qoymadığını deyib. Lakin polis əməkdaşları jurnalistlərə bununla bağlı hakimin göstərişi olduğunu deyib və zala daxil olmalarına icazə verməyib. Akif Çovdarov da məsələyə etiraz edib. Bildirib ki, iclas barədə qərəzli yazan bir jurnalist zala buraxılır. O, həmin şəxsin kim olduğunu da hakimlərə deyib. Həmin şəxs isə iclasda zərərçəkmiş şəxsin nümayəndəsi kimi iştirak etdiyini deyib. Hazırda iclas davam edir.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

 

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar