Yüksək patogen quş qripinə qarşı epizootoloji monitorinqlər aparılıb
22.01.2022 294 0.0 0

Respublika ərazisinin köçəri quşların yaz və payız miqrasiya marşrutlarının üzərində yerləşdiyini və müxtəlif ərazilərimizdə onların daimi və müvəqqəti məskənlərinin olmasını nəzərə alaraq, yüksək patogen quş qripi xəstəliyinə görə dövri olaraq epizootoloji monitorinqlər keçirilir.

Qazeta.info AQTA-nın məlumatına əsasən bildirir ki, respublika ərazisini bu xəstəlikdən qorumaq məqsədilə 2021-ci ilin noyabr, dekabr və 2022-ci ilin yanvar, fevral, mart və aprel aylarında epizootoloji monitorinqlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin (HSBXM), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin (BMQX) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin (XTİNM) əməkdaşlarından ibarət İşçi qrupu yaradılıb.

2022-ci ilin 10-14 yanvar tarixlərində keçirilən monitorinqlər zamanı Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarında və digər ərazilərdə çöl quşlarına ümumi baxış keçirilib,  Bakı və Sumqayıt şəhərləri, Abşeron, Salyan, Neftçala, Hacıqabul, Astara, Lənkəran, Masallı, Siyəzən və Şabran rayonlarındakı 11 sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisəsində 110 baş quşdan, Bakı şəhəri, Abşeron, Şabran, Xızı, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı ailə təsərrüfatlarından isə müxtəlif növ 352 baş ev quşundan laboratoriya müayinəsi üçün qan nümunələri götürülüb, quş damlarına ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.

Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə 43 baş müxtəlif növ çöl quşu ovlanıb və onlardan patoloji materiallar götürülüb. Çöl və ev quşlarından götürülmüş nümunələrin AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında aparılan müayinələrinin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində YPQQ xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.

Qeyd edək ki, quşçuluq təsərrüfatlarında kütləvi tələfata səbəb olan və böyük iqtisadi itki ilə nəticələnən yüksək patogen quş qripi (YPQQ) xəstəliyi insanlar üçün təhlükə törədən zoonoz xəstəlikdir və ciddi epizootoloji risk kimi qiymətləndirilir. Xəstəliyin yayılmasına sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan müxtəlif növ ev quşları, köçəri və daimi məskunlaşmış çöl quşları səbəb olur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar