YENİLƏNDİ-NƏQLİYYAT MÜFƏTTİŞİNİN ƏMƏLİNƏ GÖRƏ SÜRÜCÜ ÖZÜNÜ YANDIRDI-VİDEO
28.01.2015 741 0.0 0

"Bakının "20 Yanvar" metro stansiyasının yaxınlığında özünü yandıran şəxs taksi sürücüsü deyil, qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücüsüdür".

Bunu "APA-ya açıqlamasında Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi Namiq Həsənov deyib. 


"Özünü yandıran şəxs taksi sürücüsü deyil, Bakı-Sumqayıt istiqamətində qanunsuz olaraq sərnişindaşıma ilə məşğul olan "Ford" markalı avtobusun sürücüsüdür. İnsident Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı keçirilən reyd zamanı baş verib. Həmin sürücüyə qanunsuz fəaliyyətlə məşğul olduğu bildirilib. Lakin təəssüflər olsun ki, belə bir insident baş verib. Bizdə olan məlumata görə, sözügedən sürücü hər zaman özü ilə benzin gəzdirir, səbirsiz insandır... Hazırda polis məsələni nəzarətə götürüb və müvafiq araşdırma aparılır", - deyə nazirliyin rəsmisi bildirib.

N. Həsənov əlavə edib ki, hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilən sürücünün vəziyyəti normaldır.

Xatırladaq ki, bu gün Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Arzuman Həzərxan oğlu Hümbətov metronun "20 Yanvar" stansiyasının yaxınlığında üzərinə benzin tökərək özünü yandırıb. O, yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib.

Yanıq Mərkəzindən APA-ya verilən məlumata görə, A. Hümbətov üçüncü dərəcəli yanıq xəsarətləri alıb. Hazırda vəziyyəti ağırdır.                                                           

                                                *****

Bakıdan Sumqayıta işləyən mikroavtobus sürücüsü nəqliyyat müfəttişlərinin onu döyməsindən sonra özünü yandırıb.

Məlumata görə, bu gün saat 17 radələrində baş verən hadisə şahidləri bildiriblər ki, metronun "20 yanvar" stansiyasının yaxınlığında avtobus sürüsücü amansızlıqla döyülüb. Əsəbləşən sürücü isə üzərinə benzin tökərək özünə od vurub. 

Nəqliyyat Nazirliyinin işçiləri olduqları iddia edilən şəxslər yanğın əleyhinə olan balonla onu söndürərək, hadisə yerindən qaçıblar. 

Ağır yanıq xəsarətləri alan sürücü Respublika Yanıq Mərkəzinə aparılıb. 

Yasamal rayon Polis İdarəsinin növbətçi hissəsindən ANS PRESS-ə verilən məlumata görə, intihara cəhd edən şəxs 39 yaşlı Arzuman Həzərxan oğlu Hümbətovdur. 

Xəstəxanada olan əməkdaşımızın verdiyi məlumata görə, Arzuman Hümbətovun vəziyyəti ağırdır. Hazırda o, reanimasiya şöbəsindədir.//AnsPress

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar