Yeni razılaşma-Azərbaycan daha bir dövlətlərası idman oyunlarına ev sahibliyi edəcək
07.04.2015 915 0.0 0
Bu gün Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb.

 

Məlumata görə, bu münasibətlə təşkil olunan tədbirdə müqaviləni İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanının Olimpiya Komitəsinin prezidenti, şahzadə Abdullah bin Mosaad bin Əbduləziz əl-Səud, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman naziri Azad Rəhimov imzalayıblar.
 
Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qonaqları yarışın keçiriləcəyi obyektlərlə tanış etdiklərini bildirib: “Bu gün çox böyük tədbir həyata keçirilir. Bu, bizim üçün fərəhli gündür. Bu oyunların Azərbaycan idmançıları üçün böyük əhəmiyyəti var. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarını keçirməyə hazırdır. Əminəm ki, biz bu yarışı yüksək səviyyədə keçirəcəyik”.
 
Daha sonra çıxış edən İslam Həmrəyliyi Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanının Olimpiya Komitəsinin prezidenti, şahzadə Abdullah bin Mosaad bin Əbduləziz əl-Səud yarış zamanı Azərbaycana hər cür köməklik etməyə çalışacaqlarını vurğulayıb: “Bu tədbirdə biz IV İslam Həmrəyliyi Oyunlarının müqaviləsini bağlayacağıq. Bu bizi sevindirir. Azərbaycana təşəkkür edirəm ki, bu yarışın ev sahibliyinə böyük maraq göstərir. Bizim öhdəmizə bu çətin vaxtda əməkdaşlıq etmək, işbirliyi qurmaq düşür. İslam Həmrəyliyi Federasiyası Azərbaycandakı yarışın uğurlu olması üçün səylərini əsirgəməyəcək”.
 
Gənclər və idman naziri Azad Rəhimov isə Azərbaycanın bu yarışa hazır olduğunu qeyd edib: “Bizim namizədliyimizi dəstəkləyənlərə və etimad edənlərə təşəkkür edirəm. Azərbaycan son illər Avropanın ən mötəbər idman yarışlarına ev sahibliyi edir. Həmrəylik bizim gücümüzdür. Bu oyunlar xalqlarımız arasında birlik və həmrəyliyin güclənməsində mühüm olacaq. Biz bütün imkanlarımızı səfərbər edərək bu yarışı yüksək səviyyədə təşkil etməyə nail olacağıq”.
 
Qeyd edək ki, 2013-cü ilin iyulunda Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyasında Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək hüququ barədə qərar qəbul olunub.
 
İslam Həmrəylik Oyunları 2017-ci il iyunun 23-dən iyulun 2-dək keçiriləcək.
/apasport/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar