Yarı- yarımçıq `ASAN Kommunal`
27.04.2019 686 0.0 0

"ASAN Xidmət" mərkəzlərinin bəzi sahələrinin fəaliyyəti normal təşkil olunsa da, ölkə vətəndaşlarının dövlət qurumları tərəfindən süründürməçiliyinin qarşısını almaq üçün yaradılmış "ASAN Kommunal" xidmətinin fəaliyyətində ciddi nöqsanlar var.

  Qazeta.info-ya "ASAN Kommunal" mərkəzindən istifadə edərək ciddi problemlərlə qarşılaşan vətəndaş bildirir ki, işıq, təbii qaz və su təchizatının təmin olunması üçün müraciət edən vətəndaşlar lazımı olan məbləğdə pulu "ASAN Kommunal" mərkəzinə ödədikdən sonra, onlara həqiqətən də pulu ödəməsi haqda qəbz və ya texniki şərt verilir. Bundan sonra, vətəndaşlar özlərinin su, işıq və qaz ilə təmin olunması üçün yenidən əvvəlki kimi yuxarıda adları çəkilən qurumların əməkdaşlarının süründürməçiliyinə məruz qalırlar.

Mənbə bildirir ki, Azərsu ASC-nin Bakının bütün rayon şöbələrinin ASAN Xidmət vasitəsilə "Texniki Şərt" alan vətandaşları gördükdə əhvalları dəyişir. Hətta belə demək mümkünsə, Azərsu ASC əhalini ASAN Xidmətə müraciət etdiyinə görə, onları peşman etməyə çalışırlar. Demək olar ki, işin icrasından boyun qaçıran və burada baş verən özbaşınalıqla əlaqədar quruma məxsus 955 nömrəli qaynar xətt və başqa şikayət mərkəzlərinə olunan şikayətlər heç bir nəticə vermir.

Bildirək ki, Azərişıq ASC -də özbaşınalığın həddi "Azərsu" -da olan qədər olmasa da, orada da buna bənzər hallar baş verməkdədir. Belə ki, yeni abonentin tələb olunan məbləği ödəməsinə baxmayaraq, bir istehlakçının işıq ilə təmin olunması üçün  Azərişıq ASC-nin 4-5 işçisi ilə qarşılaşmağa məcbur olur. ASAN Xidmətin ötürdüyü bilgilər əsasında, sayğacın quraşdırılacağı ünvanı təyin etmək üçün gələn Azərişıq ASC- nin ilk (laborant) nümayəndəsi dili ilə 20 azn "şirinlik" istəyir. Yeni abonentdən etiraz eşitdikdə isə, müqavilədə işıq təchizatı üçün nəzərdə tutulan maksimum 22 günü olmasını yada salaraq, onun 22 günə işıq ilə təmin olunacağını bildirir. Bununla da, Azərişıq ASC- nin əməkdaşlarının 20 manatlıq "şirinlik" məsələsi uzanır. Belə ki, ünvan təyin edib, telefonla sputnik (Komut) bilgilərin atan gedir, 3-4 gündən sonra başqa birisi gəlir ki, onun atdığı sputnik bilgilərini dəqiqləşdirsin, bir neçə gündən sonra sayğacın qutusunu və kabelləri quran gəlir, 2-3 gündən sonra qutuya sayğacı qurub abunəçi kodunu vermək üçün başqa biri gəlir və bunların hamısı da "şirinlik" istəyir. Əlbəttə bizə məlumat verən vətəndaş bildirir ki, Azərişıq ASC-nin əməkdaşlarına "şirinlik" vermədən də işi 25-30 günə icra etdirmək olur. Amma "Azərsu" ASC -də bunu həyata kecirmək üçün böyük cəsarət tələb olunur. 

Bildirilənə əsasən qeyd edək ki, yaranmış problemlərdən dolayı ASAN Xidmətə edilən şikayətlər də nəticə vermir. Çünki "ASAN Xidmət" bu problemlə əlaqədar bildirir ki, onların vəzifəsi qaz, su, işıq üçün tələb olunan pulu alıb, aidiyyatı quruma bu işi icra etmək üçün bildiriş göndərdikdən sonra bitir. Bundan sonrakı prosesin "ASAN Xidmət" mərkəzinə aidiyyatı yoxdur. 

Bildirək ki, ASAN Xidmətin uyğuladığı prosess kökündən yalnışdır. Çünki əhalidən lazım olan pulun ödənişinə nail olduqdan sonra, "Asan Kommunal" vasitəçı qurum kimi, yeni abonentin tələblərinin vaxtında və normal şəkildə icra olunmasına nəzarət etməyə borcludur.

Nəzərə alsaq ki, yuxarıda qeyd edilən problemlər "Asan Kommunal" mərkəzlərindən əvvəl də mövcud olub, indi də mövcuddur. Onda belə bir sual ortaya çıxır ki, bəs əhali "Asan Kommunal" mərkəzlərinə müraciət etməklə niyə vaxt itirməlidir?

Əlavə olaraq qeyd edək ki, yuxarda adları qeyd edilən qurumların kommersiya təşkilatı olmasını və beynəlxalq təcrübələri nəzərə alaraq bildirməliyik ki, adıçəkilən qurumların sayğac və su, işıq, qaz xətlərinin çəkilməsi üçün ödəniş tələb etməsi normal hal sayıla bilməz. Çünki qeyd edilən qurumlar satış həyata keçirən qurumlardır və öz ölçü cihazlarının xərcini abonentlərin üzərinə yükləməsi normal sayıla bilməz. Belə olan halda aidiyyatı qurumların əməkdaşlarının vətəndaşlardan sayğac pulundan əlavə "şirinlik" tələb etməsini anlamaq cətindir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar