Xırdabuynuzlu heyvanların taun xəstəliyi
04.02.2022 169 0.0 0

Xırdabuynuzlu heyvanların taun xəstəliyi (Peste des petits ruminants-PPR) əsasən iti və ya yarımiti formada davam edən, temperaturun yüksəlməsi, ağız və burun boşluğu selikli qişalarının zədələnməsi, konyunktivit, hemorragik qastroenterit, limfa sisteminin zədələnməsi və pnevmoniya ilə xarakterizə olunan, yüksək kontagioz virus mənşəli xəstəlikdir. PPR-ə hazırda Afrika, Yaxın Şərq və Asiyanın 70-ə yaxın ölkəsində xırdabuynuzlu heyvanlar arasında rast gəlinir. Son məlumatlara görə, dünyanın 48 ölkəsində xırdabuynuzlu heyvanlar arasında PPR-ə yoluxma hallarının olmaması Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) tərəfindən təsdiqlənib. Qeyd edək ki, bu ölkələr tarixən Amerika və Avropanın xəstəlikdən azad əraziləri olub. Buna baxmayaraq, OIE bu təhlükəli xəstəlikdən azad status üzrə tələb olunan beynəlxalq tanınma prosesini həmin ölkələrə də şamil edib.

Xəstəliyin törədicisi Paramyxoviridae ailəsinəMorbillivirus cinsinə mənsub olan RNT tərkibli virusdur. Virus antigen və immunogen xüsusiyyətlərinə görə iribuynuzlu heyvanların taunu, ətyeyənlərin taunu və qızılca xəstəliyi törədicilərinə bənzəyir.

Xəstəlikdən sağalan heyvanlarda uzunmüddətli immunitet formalaşır. Virus 37° C-də 3 saat, 56° C-də 2.2 dəq, 70° C-dən yüksək temperaturda isə daha qısa müddət ərzində tələf olur. Virus üçün mühitin optimal pH göstəricisi 5.0-10.0 hesab olunur. PPR törədicisi bir çox dezinfeksiyaedici vasitələrin (fenol, 2 %-li natrium hidroksid, spirt və s.) təsirinə qarşı davamsızdır.

Qoyun və keçilər PPR-in yeganə təbii sahibi hesab olunur. Qoyunlarla müqayisədə keçilər daha həssasdır və xəstəliyi ağır keçirir. Xəstəlik törədicisi yüksək yoluxduruculuq xüsusiyyətinə malik olduğundan epizootik şəraitdə xəstə heyvanların 80-100 %-nin ölümü ilə nəticələnir.

Xəstəliyin yayılmasında mövsümilik müşahidə edilməsə də, yağmurlu və soyuq havalarda, həmçinin heyvanların miqrasiyası və doğum dövründə PPR-ə daha çox rast gəlinir. Xəstəliyə yoluxmuş heyvanlar ifrazatları (göz yaşı, burun axıntısı, ağız suyu, kal və s.) vasitəsilə virusu ətraf mühitə yayır. Xəstəliyin yayılmasında törədici ilə sirayətlənmiş vasitələrin (yem, peyin, geyim, alətlər, gübrə və s.) rolu olsa da, PPR əsasən xəstə heyvanlarla birbaşa təmas nəticəsində baş verir. Xəstəliyin reproduktiv yolla (sperma, embrion və s.) yayılması da mümkündür.

Xəstəliyin inkubasiya dövrü əsasən 3-10 gün arasında dəyişir. OIE-nin Quruda Yaşayan Heyvanların Sağlamlıq Kodeksində isə PPR-in inkubasiya müddəti 21 gün olaraq qeyd edilmişdir.  Xəstəlik heyvanın növü, yaşı və virusun orqanizmə daxil olma miqdarından asılı olaraq iti, yarımiti və ya subklinik formalarda təzahür edə bilər.  İti forma  heyvanlarda temperaturun yüksəlməsi (40-41° C), iştahsızlıq, depressiya, halsızlıq, ishal, burun aynasının quruması və konyuktivitlə xarakterizə olunur. Yarımiti formaya daha çox cavan fərdlər arasında təsadüf edilir. Qeyd edək ki, xəstəliyin yarımiti forması heyvanlarda temperaturun ani olaraq yüksəlməsi, depressiya, iştahsızlıq və çətin nəfəsalma kimi əlamətlərlə özünü göstərir. Bəzən selikli qişalarda hemorragiyalar da müşahidə oluna bilər. Subkliniki formada xəstəliyin kliniki əlamətləri müşahidə edilməsə də, bəzi hallarda heyvanlarda temperaturun yüksəlməsi və heyvanın vəziyyətində ani dəyişikliklərin baş verməsi qeyd olunur. Xəstəliyin yarımiti və subkliniki formalarında xəstə heyvanların daxili orqanlarında patoloji dəyişikliklərə rast gəlinməsə də, xəstəliyin iti formasından ölmüş heyvanların cəsədində bir sıra patoloji dəyişikliklər (toxumaların susuzlaşması, gözlərin göz çuxurunun dibinə enməsi, ağız, burun və dildə yaralar, ağciyərlərin iltihabı, limfa düyünlərində və dalaqda böyümə, şırdanda qansızmalar və yoğun bağırsaqda zebra dərisinə bənzər qansızmalar) qeydə alınır.

Diaqnostika məqsədilə xəstəliyə şübhəli heyvanlardan götürülən qan, göz yaşı, burun və ya anal yaxması nümunələri, həmçinin ölmüş heyvanların zədələnmiş toxuma nümunələri (dalaq, limfa düyünləri, qaraciyər, dil, diş əti və s.) soyuq zəncir prinsipi əsasında laboratoriyaya göndərilir. Laborator müayinələr immunoferment (ELISA) və molekulyar-genetik (PZR) metodlar əsasında həyata keçirilir.

Heyvanların peyvəndlənməsi PPR-ə qarşı əsas mübarizə yolu hesab olunur. Bu məqsədlə xəstəliyə qarşı zəiflədilmiş (canlı), inaktivləşdirilmiş, monovalent və ya polivalent peyvəndlərdən istifadə edilir.

Xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyinin baş verməsinin qarşısının alınması məqsədilə təsərrüfatlarda sanitar-gigiyenik və biotəhlükəsizlik qaydaları təmin olunmalı, təsərrüfata yeni gətirilən heyvanlar karantində saxlanılmalı, yay mövsümündə otlaq şəraitində heyvanların vəhşi heyvanlarla təmasının qarşısı alınmalı, xəstəlik aşkar edilən ölkələrdən heyvan və heyvan mənşəli məhsulların idxalı məhdudlaşdırılmalıdır. Heyvanlar arasında xəstəliyə şübhəli hal aşkar edildiyi zaman dərhal baytar həkiminə məlumat verilməlidir.                                                                                                           

Azərbaycanda xırdabuynuzlu heyvanların taun xəstəliyinə görə epidemioloji vəziyyət sabitdir. Odur ki, ölkədə bu xəstəliyə qarşı qoyun və keçilər arasında profilaktik peyvəndləmə tədbirləri həyata keçirilmir.

 

Məqalə AQTİ-nin “Elmi Araşdırmalar Mərkəzi”:  Q. Cəlladov, Ç. Əliyeva, R. Kəngərli və K. Əliyeva tərəfindən hazırlanıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar