XİN: ÜAK-ın ləğvi barədə qərar təəccüb, ciddi sual və dərin təəssüf doğurur
19.09.2017 663 0.0 0

"Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qərar təəccüb, ciddi sual və dərin təəssüf doğurur". 

"Report"un məlumatına görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a müsahibəsində deyib

- Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə birinci instansiya məhkəməsinin qərarı Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası tərəfindən qüvvədə saxlanılıb. Bu barədə nə deyərdiniz?

- Ümumiyyətlə, Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin inkişafında mühüm rol oynayan Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qərarı siyasi baxımdan qeyri-dost addım kimi qiymətləndiririk. Bu, Rusiya və Azərbaycan tərəfindən bəyan olunan və iki ölkə arasında strateji tərəfdaşlıq zəminində inkişaf edən yüksək səviyyəli əlaqələrə ciddi zərbə vurur.

- Rusiyanın bu addımı nədən qaynaqlanır və arxasında nə durur?

- Rusiya Federasiyası məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qeyri-dost xarakterli qərarının məqsədini başa düşmək çox çətindir. Xüsusilə o halı nəzərə almalıyıq ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və bu status tərəflərə münasibətdə tarazlı yanaşmanın nümayiş etdirilməsini tələb edir. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə Rusiyada yaşayan Azərbaycan icması nümayəndələrinə münasibətdə qeyri-ədalətli yanaşma tətbiq olunduğu halda, Rusiya Erməniləri İttifaqına tam dəstək göstərilir və bu qurum fəaliyyətini davam etdirir.

Hər bir halda Rusiya Federasiyasının məhkəmə orqanlarının Ümumrusiya Azərbaycanlıları Konqresini ləğv etmək siyasəti təəccüb, ciddi sual və dərin təəssüf doğurur. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar