XİN: Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları danışıqlar prosesinə cəlb oluna bilər
24.07.2019 506 0.0 0

"İlk növbədə nəzərə alınmalıdır ki, Ermənistan XİN mətbuat katibi tərəfindən qondarma "DQR” kimi təqdim edilən ərazi, bu gün Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi işğalı altında olan, beynəlxalq tanınmış Azərbaycan əraziləridir. Bunu BMT TŞ-nin qətnamələri və beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələri təsdiq edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən hər hansı şəxsin birinci növbədə bu sənədlərlə tanış olması vacibdir".

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Ermənistan XİN-in mətbuat katibinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiklərinə dair KİV-in sualını cavablandırarkən deyib.

"Münaqişənin həlli üzrə aparılan danışıqlara Dağlıq Qarabağın erməni icmasının da daxil edilməsi məsələsi ilə bağlı dəfələrlə mövqeyimiz, həmçinin ən yüksək səviyyədə səsləndirilib. Bir daha təkrar etmək istərdik ki, danışıqlar münaqişənin birbaşa iştirakçıları - Ermənistan və Azərbaycan arasında aparılır, o ki qaldı Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarına, danışıqların müəyyən mərhələsində əsas tərəflərin razılığı ilə hər iki icmanın nümayəndələri prosesə cəlb oluna bilər. Bu barədə ATƏT-in qərarı ilə tanış olmaq istəyənləri təşkilatın 1992-ci il Helsinki qərarını oxumağa dəvət edirəm.

Beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş əraziləri boşaldıqdan və bu ərazilərdə etnik təmizləməyə məruz qalaraq didərgin salınmış azərbaycanlılar öz evlərinə şərəflə geri qayıtdıqdan və Dağlıq Qarabağın hər iki icmasının birgə yaşayışı təmin olunduqdan sonra Dağlıq Qarabağın statusu məsələsinə baxıla bilər və bu barədə rəsmi Azərbaycanın mövqeyi bəllidir.

Təəssüflə qeyd etməliyəm ki, bu gün məhz işğalçı Ermənistan rəhbərliyi bir tərəfdən münaqişənin yalnız sülh yolu ilə həllindən danışıb, digər tərəfdən Azərbaycanlı hərbi qulluqçuların məhv edilməsi əmrini verir.

Sözdə sülhməramlı bəyanatlar verərək, əməldə qanunsuz hərbi işğalı davam etdirən və möhkəmləndirməyə çalışan Ermənistanın əsl niyyəti hamıya bəllidir. Ermənistan tərəfi ilk dəfə deyil ki, bu kimi bəhanələrlə danışıqlarda irəliləyişin əldə edilməsinə maneçilik törədir", - L.Abdullayeva deyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar