Xaqani Məmmədov: `Neftçi`nin ev oyunlarında videotəkrar sistemi tətbiq etməsinə razıyıq
21.11.2017 825 0.0 0

 “Oyunu “CBC Sport” telekanalı vasitəsilə izləmişəm. Canlı yayım zamanı yalnız “Neftçi”nin etiraz etdiyi künc zərbəsi epizodunun fərqli rakursdan təkrarı göstərildi. Orada topun “Qəbələ”nin futbolçusundan qapı xəttindən çıxdığı aşkar görünür”. 

Bunu “Report”a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Topaz Premyer Liqasının XII turunda “Qəbələ”yə 2:3 hesabı ilə uduzan “Neftçi”nin hakim səhvlərindən narazı qalmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Peşəkar Futbol Liqası tərəfindən çəkilən digər epizodların görüntülərinə baxmayıb: "Həmin kadrları izlədikldən sonra nəsə deyə bilərəm".

Komitə sədri matçın referisi Əliyar Ağayevin cəzalandırılacağını istisna etməyib.

X.Məmmədov “Hakimlər qarşılaşmanın nəticəsinə təsir edən səhvə yol veriblərmi” sualına belə cavab verib: “Baxdığımız görüntülərdən heç nə demək olmaz, amma ola bilsin ki, var”.

“Neftçi”nin prezidenti Orxan Hüseynzadə klubun rəsmi saytına açıqlamasında deyib ki, hakim səhvləri nəticəyə təsir edir. Onun fikrincə, yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu videotəkrarlardır. Paytaxt təmsilçisinin rəhbəri klubların matçlar zamanı 4-cü hakimin yaxınlığında monitorun qoyulmasını təklif edib.

X.Məmmədov isə bildirib ki, videotəkrar sisteminin təşkili deyildiyi qədər asan məsələ deyil: "Bunun üçün böyük vəsait tələb olunur. Vidotəkrar sistemi milyonlara başa gələn bir işdir. “Neftçi” bunu edə bilsə, onlara “əhsən” söyləyərik. Biz buna razıyıq, qoy olsun. Bu sistem hələ test edilir. Hələ İngiltərə kimi ölkə buna hazır deyil. Telekanalın göstərdiyi görüntülərə əsasən qərar vermək olmaz. Çünki canlı yayım vaxtı həmin anda epizodun təkrarı efirə verilmir. Bu iş başqa cür təşkil edilir. Bu, sadə məsələ deyil. Hər yerindən duran danışır. Bunlar vaxt, avadanlıq, əlavə mütəxəssislər tələb edir və böyük vəsait lazımdır”.

Qeyd edək ki, “Neftçi” “Qəbələ” ilə matçın mübahisəli epizodları ilə bağlı videoicmala bir sıra epizodları daxil edib. Paytaxt klubu görüşün 22-ci dəqiqəsində Baqali Dabonun qonaqların bərabərlik qolunu vurduğu epizodda künc zərbəsi qərarının yanlış olmasından, “Neftçi”nin qapısına təyin edilən penaltidən və “Qələlə”nin qapısına verilməyən 3 penalti epizodundan şikayətçidir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar