Vüqar Səfərlinin məhkəməsi: `KİVDF-nin tədbirində elə qonaqlar olurdu ki, redaksiyalarına yemək göndərirdik`
18.11.2021 266 0.0 0

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Xəbərə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs - "Altun" restoranının inzibatçısı olmuş Şahin İbrahimov dindirilib. O, təqsirləndirilən şəxslərdən yalnız Vüqar Səfərlini tanıdığını deyib:

"”Altun”da inzibatçı kimi işləmişən. 2018-ci ildə KİVDF-nin tədbirini keçirirdik. 350-400 nəfərlik tədbirin keçirilməsi nəzərdən tutulurdu. Bu proses dövlət tədbiri olduğu üçün Vüqar müəllimin özü rəhbərilik edirdi. Tədbir başlamamışdan 3-4 saat qabaq Vüqar müəllim gəlirdi, tapşırıqlarını verirdi. Prezidentin köməkçisi səviyyəsində keçirilən tədbir idi. Tədbir başlamamışdan 250-270 nəfərlik stol açılırdı. Texniki işçilər, sürücülər olurdu, onları da zaldan kənarda kabinetlərə yerləşdirirdik. Təbdir qurtarandan sonra şou proqram olurdu. Tədbirin görünməyən tərəfi də olurdu. Yəni, tədbirdən sonra oturanlar olurdu. Normalda 34 min manata tədbiri keçirə bilirdik. Lakin müğənnilər bizlik deyildi".

Prokurorun suallarını cavablandıran şəxs bildirib ki, təbdirdən 10-15 gün qabaq onlara məlumat verilib: "KİVDF nümayəndəsi gəlirdi, sənədlər imzalanırdı. Tender olurdu, lakin biz iştirak etmirdik. Faktiki olaraq menyunu təqdim edirdik, razılaşırdıq. Müğənniləri, şou proqramı biz təşkil etmirdik. Pulu bizim hesaba köçürürdülər. Şou proqramın pullu hissəsini bizdən götürür, onlar ödəyirdilər. Çünki biz o qiymətə musiqi ansamblı və müğənni gətirə bilməzdik. Tədbirdən sonra pulu bizdən Vüqar müəllim, ya da nümayəndəsi götürürdü".

Daha sonra "Xəmsə" restoranının icadarı Bəxtiyar Fətullayev ifadə verib. O da bildirib ki, tədbirlərin keçirilməsini üçün tenderdə iştirak edib:

"Tenderlə bağlı elan vermişdilər. Şərtlər açıqlanmışdı. Biz də sənədlərimizi verib, tenderdə qalib gəlmişik. Müqavillər imzaladıq. Tədbirin keçirilməsi ilə bağlı 400 nəfərlik hazırlıq görmüşük. Hətta bir gün qabaqdan zalı boş saxlatdırmışdılar. Tədbirinin sonunda akt tərtib olunub. Səhəri gün ödənişlər olub. Heç bir qanunsuz iş görməmişəm. Özümü təqsirli bilmirəm".

Prokurorun suallarını cavablandıran şəxs deyib ki, 400 nəfərlik stol açılsa da, tədbirə daha çox şəxs gəlib: "Çünki elə qonaqlar var idi, gəlib yarım saat oturub gedirdi. Orda elə qonaqlar var idi ki, redaksiyalarına belə yemək göndərirdilər, menyuda olmayan içkilər istəyirdilər. Tanınmış adamlar çox olduğu üçün, biz çalışırdıq ki, bütün dediklərini edək. Çünki reklam olunurduq. KİV bizi reklam edirdi, ondan sonra çox toylar tuturduq".

B. Fətullayev qeyd edib ki, danışılan məbləğdən 8 faizi geri qaytarılıb: "Biz menyuda bir nəfəri 60 manata nəzərdə tutmuşduq. Sonradan məlum oldu ki, 8 faiz artıq pul hesabımıza ödənilib. Ona görə də biz həmin pulu geri qaytarırdıq".

Məhkəmə prosesi noyabrın 23-də davam etdiriləcək.

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar