Vaqif Əsədovdan sürücülərə – VACİB XƏBƏRDARLIQ
10.10.2017 1591 0.0 0

 

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişəcək, temperatur aşağı düşəcək, yağış yağacaq.

Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov “Ölkə.Az”a açıqlamasında bildirib ki, havanın kəskin dəyişəcəyinə görə sürücülər yollarda mümkün qədər ehtiyatlı olmalıdırlar. 

Onun sözlərinə görə, hava şəraiti kəskin dəyişərsə, şəraitə uyğun bütün sürücülər dövlət yol polisinin tövsiyələrindən başqa, özlərinə arxayın olub hərəkət etməlidirlər.

“Təbii ki, hava şəraitinin kəskin dəyişməsi güclü yağışın yağması deməkdir. Deməli hava şəraitindən asılı olaraq, peşəkar sürücülər hərəkət etməlidir, qeyri-peşəkarlar isə onların hərəkətinə şərait yaratmalıdır. Ən vacib məsələ ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməlidir. Onların hərəkətinə şərait yaradılmalıdır. Avtomobili minimum sürətlə idarə etmək lazımdır. Sürüşkən yollarda ara məsafəsi normadan artıq saxlanılmalıdır. Başqa günlərə nisbətən daha diqqətli olmaq lazımdır. Gedilən istiqaməti əvvəlcədən dəqiqləşdirib, həmin hərəkət üzrə düzgün zolaq seçilməlidir. Qoyulmuş yol nişanlarının tələblərinə, işıqforun göstəricilərinə düzgün əməl etməliyik”, - deyə Vaqif Əsədov bildirib.

Qurum rəsmisi deyir ki, yağışlı havalarda sürücülər ehtiyatsızlıq edərək piyadaların üst-başını çirkləndirirlər: 

“Buna əsla yol verilməməlidir. Piyadaların ərazi hərəkətini dəqiqləşdirmək lazımdır. Onların üstünü islatmaq olmaz. Oktyabrın 3-də Bakıda 4 avtomobil sürücüsü ehtiyatsızlıq edərək piyadaların üst-başını çirkləndirib. Bununla bağlı 4 avtomobil sürücüsü barədə məlumat daxil olub. Sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilib. Sürücülərdən xahiş edirik ki, hava şəraiti ilə əlaqədar yollardakı vəziyyəti nəzərə alsınlar və piyadalara diqqət yetirsinlər”.

V.Əsədov deyir ki, texniki cəhətdən saz olan, işıq sistemi işləyən avtomobillərdən istifadə etmək lazımdır: 

“Hava şəraitindən asılı olaraq, bəzən texniki vasitələr iş prinsipini itirir. Yəni işıqfor işləməyə, bəzi ərazilərdə yol nişanları düşə bilər. Buna görə sürücülər çaşmamalıdırlar. Məsələn, nizamlanan yol ayrıcında olan işıqfor işləmirsə, deməli həmin ərazidə qoyulmuş yol nişanlarının tələblərinə uyğun hərəkət edilməlidir. Həmin ərazidə yol nişanı yoxdursa, hər bir sürücü özündən sağda yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin hərəkətinə şərait yaratmalıdır. Əgər sürücü bunda da çətinlik çəkirsə, özünün ikinci dərəcəli yolda hərəkət etdiyini düşünüb, bütün üstün göstəriciləri özündən ətrafda olan hərəkət iştirakçılarına verməlidir. Bundan başqa, ən vacib məsələ avtomobillərə mövsümü təkərlər vurulmalıdır. İstismara yaramayan təkərlərdən istifadə etmək olmaz”./Oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar