Ümrə ziyarətinə gedən müsəlmanlar səhvən Rio KARNAVALINA GÖNDƏRİLDİ: `Adam dönmək istəmir`
11.12.2017 805 0.0 0

Türkiyə bir turizm şirkəti Ümrə ziyarətinə göndərəcəyi qrupu Rio karnavalına, karnavala getməli olanları isə Ümrə ziyarətinə göndərib. Şirkətin bu yalnışlığı Braziliyaya Rio karnavalına göndərilənlərin yaxınlarının ciddi narahatlığına səbəb olub.

Xarici mediaya istinadən xəbər verilir ki, bu gün şirkət binası qarşısında toplanan şəxslər məsələyə aydınlıq gətirilməsini, yaxınlarının geri qaytarılmasını tələb ediblər.

Onlar Ümrə ziyarətinə getmək istəyən yaxınlarının görüntülərini Rio karnavalında insanların yürüşü zamanı samba məktəbi kortejində gördükdən sonra məsələdən hali olublar.

Ümrəyə getmək üçün “Turaz Tur” şirkətinə müraciət edənlərdən birinin yaxını Süleyman Torkel atasının səhhətindən narahat olduğunu deyib:

“Atam ürək xəstəsidir. Ümrədən sağ-salamat geri qayıtması barədə narahatlığımız var idi. Artıq o, Riodadır və oradan sağ qayıtması mümkünsüz kimi görünür. Ümidimiz hər gün bir az daha tükənir. Tək istəyimiz ölsə belə, xoşbəxt vəfat etməsidir. Bir günaha batıbsa, Allah onu bağışlasın…. Hər kəsin onlar üçün dua etməsini istəyirəm”.

Bu vaxta qədər Rioya gedən qrupla əlaqə quran yeganə şəxs Nesrin Hangülər isə dünən axşam atası ilə danışdığını deyib:

“Səsində anormallıq yox idi. Mənə “Bura deyildiyi qədər imiş, qızım. Adam heç geri dönmək istəmir”, - dedi. Sonra anamın arxadan “Gözün kor olmasın, Nəcmi” deyə bağırdığını eşitdim. Daha sonra əlaqə kəsildi. Ailəlikcə çox pərişanıq”.

Ailələrin etirazından sonra çıxış edən şirkət rəsmisi Ömər Sandırı iddialar qarşısında firmanı müdafiə edib.

“Nənə, babamızı yoldan çıxartdınız” ifadələri bizi çox məyus etdi, deyə çıxışına başlayan şirkət rəsmisi bunun həmin şəxslər üçün bir imtahan olduğunu deyib:

“Bəlkə, bunu bir növ imtahan kimi görməliyik. İndi Rioda olan vətəndaşlarımızın imanı yetərincə sağlamdırsa, heç bir şey olmaz, narahat olmayın! Əgər şeytana uymuş olsalar, onda geri qayıdandan sonra onlara bir Ümrə ziyarəti təşkil edərik. Gedib tövbə edərlər, məsələ bitər. Bundan başqa, onlar Ümrə ziyarəti qiymətinə Rioya gediblər. Bizim də şirkət olaraq itkilərimiz var, amma heç səsimizi çıxartmırıq”.

“Televiziyadakı görüntüləri mən də izlədim. Dəqiq bir şey deyə bilmərəm, amma müştərilərimizin bəzilərinin cənnətə düşdüyü düşüncəsi ilə kortejə qatıldığını hiss etdim. Siz də razılaşarsınız ki, o yaşda insanların beyni tez qarışa bilir. Onların geri qaytarılması üçün əlaqələr qurmuşuq. Bu vaxta qədər Rioda hacı üzüyü, təsbeh, azan oxuyan saat almaq istəyən 6 nəfər müəyyən edilib. Oradakı konsulluq vasitəsilə vətəndaşlarımızla əlaqə saxlamağa çalışırıq. İnfarkt şikayəti ilə xəstəxanaya yerləşdirilən türk vətəndaşı aşkar edilməyib. Bu da bizim üçün bir ümiddir”, - deyə Sandırı əlavə edib.

O çıxışında bu səhvin ancaq pis yerə yozulmamalı olduğunu da diqqətə çatıdıb:

“Bu gün eyni sayda müştərimiz də Rioya getmək istədiyi halda Ümrə ziyarətindədir. Lakin onlardan heç bir narahatlıq bildirilməyib. Rioya gedənlər onsuz da inanclı insanlardır, biz karnavala getmək istəyənləri Məkkəyə göndərmişik, bundan böyük savab varmı? Nə üçün bu məsələ dilə gətirilmir? Ciddə hava limanında belinə mələk qanadları taxmış şəxslərin polis tərəfindən saxlanılıb, türkiyəyə geri qaytarılması barədə danışıqlar aparılır”.

Ö.Sandırı sonda bütün vətəndaşları “Turaz Turun” sürprizlərlə dolu dünyasına dəvət edib./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar